Haqqın, ədalətin yanında yer almayan, dostu-düşməni tanımayan İran
Siyasət

Haqqın, ədalətin yanında yer almayan, dostu-düşməni tanımayan İran

Əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi kurs heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsipi ilə bərabər, həm də respublikamızın suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini göstərir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalq-dövlət birliyi qarşısında dayanmaq iqtidarında olmayan işğalçı Ermənistan Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktı imzalamağa məcbur edildi. Belə olan halda işğaldan azad olunmuş, habelə dünya birliyinin tanıdığı ərazilər üzərində 30 ilə yaxın müddətdən sonra nəzarəti bərpa etmiş Azərbaycan haqlı olaraq işğal dövründə İran iş adamlarının ermənilərlə birgə bu yerlərdə qurduğu qanunsuz əlaqələrə beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq son qoymağı tələb edirdi. Bu istiqamətdə, hər şeydən əvvəl, diplomatik kanallar vasitəsilə müvafiq mesajlar göndərildi, nota verildi, bütün bunlar nəticə vermədiyi səbəbindən zəruri tədbirlərə əl atıldı.

Artıq ötən il vəziyyətin dalana dirəndiyini görən İran rəsmiləri həmkarlar ittifaqlarına, sahibkarlara, firma və şirkətlərə müvafiq tövsiyələr verməklə yanaşı, sözügedən problemə son qoyulacağı ilə əlaqədar öhdəlik götürmüşdür. Bu da Azərbaycan dövlətinin haqlı tələblərinin yerinə yetirilməsinin əyani sübutu kimi dəyərləndirilirdi. Beləliklə, bu məsələdə İran geri çəkilməyə məcbur edildi.

Ötən il İran-Azərbaycan münasibətlərində baş vermiş hadisələr bir daha göstərdi ki, Azərbaycanla diktat və təzyiq dilində danışmaq mümkün deyil. Eyni zamanda, heç bir tərəf dövlətimizə öz iradəsini də qəbul etdirə bilməz. Burada söhbət Azərbaycanın təkcə siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, ilk növbədə isə ədalətli, qanunpərəst və etibarlı olmasından gedir. Yəni ölkəmiz əsrlərdən gələn Şərq müdrikliyinin təcəssümünü bütün dünyaya nümayiş etdirdi. Bütün dünyaya bəllidir ki, ədalət prinsipi Azərbaycanın vizit kartıdır və xarici siyasətinin prioritetini təşkil edir.

Nə İrandan gələn hədələr, nə də keçirilmiş hərbi təlimlər Azərbaycanın iradəsini sarsıtmadı və prinsipial mövqeyini dəyişmədi, dövlətimiz bütün müstəvilərdə istənilən təzyiq cəhdinə adekvat cavab verməklə beynəlxalq hüquqa söykənən öz qəti mövqeyini nümayiş etdirdi. Bir daha qeyd edək ki, Azərbaycan haqlı olduğu üçün qarşı tərəf gec-tez real vəziyyəti anlamalı və hadisələrin onun maraqlarına uyğun olmayan istiqamətdə cərəyan etdiyini başa düşməli idi. Ancaq hələlik belə olduğunu deyə bilmərik.

İranın bir çox dövlətlərlə münasibətləri, yumşaq desək, uğurlu deyil. Sanksiyalardan böyük zərərlərlə üzləşən, COVID-19 pandemiyasının ağır nəticələrini yaşayan bu ölkə üçün Azərbaycan dövləti ilə münasibətlərin pisləşməsi qətiyyən arzuolunan deyil. İran anlamalıdır ki, Azərbaycanla münasibətləri korlamaq ona əlavə ziyanlardan başqa yaxşı heç bir şey vəd etmir.

Bəlli olduğu kimi, hazırda İranda anti-Azərbaycan isterikasının növbəti mərhələsi başlayıb. Bundan öncəki mərhələ artıq qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyətindən lazımi icazə almadan Laçın dəhlizi ilə Xankəndinə hərəkət edən İranın ağır yük maşınları ətrafında alovlanan qalmaqal fonunda baş vermişdir. Məhz bu hərəkətlərə cavab olaraq Azərbaycan hakimiyyəti Qafan-Gorus avtomobil yolunun Azərbaycanın Qubadlı rayonu ərazisindən keçən hissəsində İranın ağır yük maşınlarından rüsum almağa və ən əsası cənub qonşumuzdan gələn avtomobilləri yoxlamağa başlamışdır. Həmin qərar İranda Ermənistanın özündən qat-qat şiddətli reaksiyaya gətirib çıxardı. Səbəbləri təxmin etmək olar: Tehran İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yan keçmək üçün uzun müddət Ermənistandan istifadə edib. Beləliklə, Tehranın belə "həssas" marşrutun Qubadlı hissəsində Azərbaycan gömrükçüləri ilə bağlı əsəbi olmasının səbəbi aydınlaşır. Üstəlik, həmin günlərdə İranın Bakıdakı səfirliyinin saytında İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayinin məqaləsi dərc olunub. Yazının müəllifi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin parlaq perspektivlərindən danışır və eyni zamanda şikayətlənir ki, "son həftələrdə bəzi transregional oyunçular, etnosentristlər və əlaqəli medialar iki ölkə arasında münasibətləri zəiflətmək üçün anlaşılmazlıq yaratmağa çalışıblar". Və eyni zamanda o, Qarabağda İranın "ağır yük maşınlarının" olmasını inkar etməyə çalışıb və bəzi KİV-ləri hətta "dəqiq olmayan" faktlar dərc etməkdə ittiham edib.

Qeyd etmək yerinə düşərdi ki, İranla Azərbaycan arasında gərginlik, daha doğrusu, dövlətimizin ortaya qoyduğu prinsipial mövqe Ermənistana da böyük zərbə oldu. Öz xislətindən qalmayan ermənilər Qafqaza köçürüləndən sonrakı bütün illərdə kiminsə dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə edirdi. İstər hazırkı, istərsə də keçmiş erməni başçıları İranla dəhliz yaratmaq və iqtisadi ortaqlığı daha da inkişaf etdirmək niyyətində idi. Lakin son hadisələr göstərdi ki, başqasının əli ilə özünə güzaran qurmağın ömrü az olar.

Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsində Arazın o tayından gələn məsuliyyətsiz ifadələrin rolu az olmamışdı. Əgər keçən il uğursuz "şir quyruğu" söhbəti ortaya atılmışdısa, bu il "qırmızı xətt" məsələsi gündəmə gətirildi. Hər iki halda müəlliflər ayrı-ayrı şəxslər olsalar da, onların dərin intellekt sahiblərinin olmaması özünü qabarıq şəkildə büruzə verir.

Ərdəbil şəhərinin imam cüməsi və İranın ali dini lideri Ayətullah Əli Xameneinin nümayəndəsi Həsən Amili keçən il Azərbaycanın ünvanına yersiz bəyanat səsləndirərək demişdir ki, İranın milli təhlükəsizlik üzrə Ali Şurası silahlı qüvvələrə Arazın bu tayında silah tətbiq etməyə icazə verməlidir.

Məlumdur ki, İranla Azərbaycan arasında sərhədin böyük hissəsi məhz Araz çayından keçir. İşğaldan azad olunmuş ərazilərə səfərlərin birində cənab Prezidentimiz İran-Azərbaycan sərhədini dost sərhədi adlandırmışdır. Təəssüf ki, İranın müvafiq simaları bu sözlərin dəyərini və mənasını tam anlamadı...

H.Amili dediklərinə əlavə etmişdir ki, SEPAH (İslam İnqilabının Mühafizə Korpusu) sərhəd boyunca təlimlərin keçirilməsinə icazə verməlidir ki, onlara kimin kim olduğunu, bizim gücümüzü göstərək. Qoy İranın qüdrətini göstərməyə, öz gücümüzlə kim olduğumuzu nümayiş etdirməyə icazə versinlər. Anlasınlar ki, şirin quyruğu ilə oynamaq olmaz... Bilirik ki, bəzi İran dairələrində bu şir mövzusu son bir ildə çox dəbdə idi. Olsun...

Ermənilər bizim babalarımızı Qərbi Azərbaycan torpaqlarındakı öz doğma ocaqlarında xaincəsinə qətlə yetirəndə, yaşlı və köməksiz insanları, qadınları, uşaqları öz dədə-baba yurdlarından qovanda, onları qarlı-şaxtalı havada dağlıq ərazidə donaraq ölməyə məhkum edəndə, Xocalıda günahsız qocaları, qadınları, körpələri amansızcasına öldürəndə, 44 günlük Vətən savaşında hərbi əməliyyatların getdiyi ərazidən xeyli uzaqlıqda yerləşən Bərdə, Tərtər, Mingəçevir və Gəncə şəhərlərinin yaşayış massivlərini, yuxuda olan dinc sakinlərini kütləvi qırğın silahı ilə öldürəndə, çarəsiz qalmış atanın öz azyaşlı övladının ağ kəfənə bürünmüş cansız bədənini torpağa tapşıranda tökdüyü göz yaşlarını görəndə bütün bunların nəinki müsəlman əhlinə, ümumilikdə bəşəriyyətə qarşı misli görünməmiş cinayət olduğunu başa düşmək üçün kifayət qədər yetkin yaşında olmuş Arazın o tayındakı başbilənlərin danışmağa sözü yox idi?

Xalqımızın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, mərd, humanist, milli maraqlara söykənən siyasətinin məntiqi nəticəsidir. Dövlət başçımız bir daha sübut etdi ki, haqq və ədalət, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz. Nə İrandan gələn hədələr, nə də keçən il və bu il keçirilmiş hərbi təlimlər Azərbaycanı qorxutmadı. Dövlət başçısı bütün səviyyələrdə hər bir təzyiq cəhdinə adekvat cavab vermək iqtidarında olduğunu öz qəti mövqeyi ilə nümayiş etdirdi.

İndi isə keçək "qırmızı xətlərə"...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian oktyabrın əvvəlində qeyd edib ki, əcnəbi "oyunçular"ın Tehranla Bakı arasında uzun müddətdir davam edən münasibətlərə təsir etməsinə icazə verilməməlidir. Bundan əvvəl İran parlamentinin üzvləri ölkənin şimal-qərbində aparılan hərbi təlimlərə dəstək olaraq birgə bəyanat yayıblar. Xüsusilə, qonşu ölkələrin sərhədlərindəki dəyişikliklərin İranın qırmızı xətti olduğunu söyləyiblər.

Əvvəla, onu qeyd etməliyik ki, Azərbaycan və Ermənistan arasında sərhədlər tam şəkildə müəyyən edilməyib. Bu baxımdan, rəsmi Tehranın mövqeyi əsassız görünür. Odur ki, sərhədlər müəyyənləşmədən "qırmızı xətt"i çəkmək regionda iğtişaş yaratmaq, Ermənistanla Azərbaycan arasında düşmənçiliyi gücləndimək cəhdindən savayı bir niyyət deyil. Bu, həm də rəsmi Tehranın iki dövlət arasında münasibətlərə yersiz müdaxiləsidir. Belə mürtəce, ədalətsiz düşüncənin daşıyıcısı olan Tehran hakimiyyəti Azərbaycana münasibətdə normaları pozduğu kimi, Güney Azərbaycan türklərinin də milli haqlarını pozmaqla bütövlükdə azərbaycanlılara olan münasibətini açıq-aşkar sərgiləyir. İranda 200 minlik erməninin öz dilində məktəbi, mədəniyyət mərkəzi, mediası və s. fəaliyyət göstərir. Hakimiyyətə hər il dövlət büdcəsindən bu məqsədlə milyonlarla maliyyə vəsaiti ayrılır. Ancaq İranda sayı 40 milyona yaxın, daha çox vergi ödəyən Azərbaycan türklərinin ana dilində nə məktəbi, nə mədəniyyət mərkəzi, nə də mediası var. Bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər təqib olunur və həbs edilirlər. Görünür, xətlər çəkmək baxımından iranlı rəsmi şəxslərin səriştələri heç də fəxr edilə biləcək qədər deyil. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən, İran özünü İslam dövləti hesab edir. Bu həqiqətən belə olsaydı, 1988-ci ildən başlayaraq, 2020-ci ilə qədər yüz dəfələrlə hücuma, qətliamlara məruz qalan, ərazisinin 20 faizi, sərhədinin 150 kilometrə yaxını (1993-cü ilin sentyabr-dekabr aylarında bu qədər olub, sonradan 135 kilometrə qədər azalıb) işğal olunan Azərbaycan müsəlmanlarının haqqını nədən müdafiə etmədi? Məscidləri donuzxanalara çevirən erməni vandallara nədən etiraz bildirilmədi, "qırmızı xətlər" o zaman niyə yada düşmürdü? Hələ indiyə qədər heç bir İran rəsmisi, din xadimi bu suala cavab verməyib, sadəcə bu sualın üstündən sükutla keçiblər. Açıq-aydın görünür ki, İran Türkiyənin digər türk dövlətləri ilə, o cümlədən Azərbaycanla quru sərhədinin olmaması üçün onların arasına pərçim olunmuş Ermənistanı dəstəkləyir.

Başqa sözlə, din-məzhəb qardaşlığı da, adicə humanizm prinsipləri də, məzlumun tərəfində olmaq kimi Allah buyruğu da İran tərəfindən hələ 30 il öncədən heçə endirilib. Bunlar mübahisə predmeti olmayacaq dərəcədə aksiomlardır. Hər şey gün kimi aydındır.

Əgər İran üçün dini və humanist dəyərlər prioritet olsaydı, aqressiv faşist xislətli ermənilərin və onların havadarlarının qarşısına çıxar və Azərbaycanın ərazilərinin işğalını öz qırmızı xətti elan edərdi. Bu, baş vermədi. Amma indi İran rəsmiləri hərəkətə gəlib, hər gün Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasına qarşı çıxış edirlər. İran rəsmilərinin tez-tez işlətdikləri "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" mülahizəsinin altında həmin siyasət, yəni, həmin yolun "türk dəhlizi"nə çevrilməsinə imkan verməmək dayanır.

Buradan iranlı başbilənlərə sual vermək istərdik: minlərlə günahsız müsəlmanın qanını axıdan, torpaqlarını zəbt edən, məscidlərdə donuz saxlayaraq İslam dəyərlərini açıq-aşkar təhqir edən toplumun nümayəndələri ilə qucaqlaşıb görüşməyə, ağız-ağıza öpüşməyə necə iyrənməmək olar? Bütün bunlar o deməkdir ki, iranlı başbilənlər reallıq hissini itirdilər, onun harada və nədən ibarət olduğunu unutdular, özlərinin merkantil maraqları naminə bütün müqəddəs dəyərlərin üzərindən xətt çəkdilər. İndi cənub qonşumuzun rəsmiləri gerçək qırmızı xətlərin əslində haradan keçməli olduğunu öyrənməlidirlər. Bunun üçün Makronla səs-səsə verməyə, həndəsə dərsi keçməyə ehtiyac yoxdur, real həyatı öyrənmək lazımdır. O ki qaldı Arazın sahilyanı İran ərazilərində hərbi təlimlər keçirməklə əzələ nümayişinə, bununla heç kimi qorxuda bilməzlər. Çünki erməni faşizmi kimi şər bir qüvvənin yanında olmağı seçim edənlərin gücü bir sürü çaqqalın gücündən artıq ola bilməz. Ədalətli və qüdrətli olmaq isə görünür, onlarlıq deyil...

Emin QASIMOV,

"Respublika".