Haqqın qələbəsi, zəfərin təntənəsi
Digər xəbərlər

Haqqın qələbəsi, zəfərin təntənəsi

Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və şanlı qələbəylə başa çatıb. Qalib sərkərdəmiz İlham Əliyevin fədakarlığı, qətiyyəti, dəmir yumruğu və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi.

Tarixin ironiyasına baxın, vaxtilə bizi hədələyən erməni canilər, dırnaqarası qəhrəmanlar şanlı ordumuzun vurduğu dağıdıcı zərbələrin təsirindən başlarını itirərək dünyadan imdad diləməyə başladılar. Düşməni diz çökdürən igid oğullar öz qanları bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Mənfur düşmən 30 ilə yaxın işğalda saxladığı rayonlarda nəinki bütün binaları, tarixi abidələri, yolları dağıdıb və eyni zamanda, hər tərəfi minalayıb. Özü də, təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri. Düşmən acı məğlubiyyətinin heyfini bu yerlərə qayıdacaq sakinlərdən çıxmağa ümid bəsləyib. Dinc insanları minalarla məhv etmək, yalnız erməni xislətidir, düşmənin mənfurluğunun bariz nümunəsidir. Məlum olduğu kimi, yurd həsrətinə dözə bilməyən bir neçə mülki şəxs ermənilərin basdırdığı minaların qurbanı olub. Bu yaxınlarda öz xidməti vəzifəsini Kəlbəcər rayonunda yerinə yetirən zaman iki jurnalist və bir nəfər mülki şəxs erməni minasına tuş gələrək həlak olub.

Qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub. Bu günlərdə bir erməni hərbçisi bildirib ki, işğaldan azad edilən rayonlardan birinə 17 yük maşını mina basdırılıb. Bu, erməni faşizminin iç üzünü göstərir, döyüşləri uduzan ermənilər ən ağır hərbi cinayətlərə əl atıblar. Halbuki, ermənilər uzun illər boyu bizim torpaqlarda 90 min hektarda taxıl əkib becəriblər, çörək yedikləri torpağı minalamaq yalnız erməniyə xas olan murdar hərəkətdir.

İşğaldan azad edilən torpaqlarda minaların təmizlənməsinə başlanılıb və bu işlər sürətlə davam etdirilir. Ötən il noyabr ayının 10-da müharibə dayandırıldıqdan sonra azərbaycanlı şirkətlər 7 min hektarda taxıl əkiblər. Yaxın günlərdə işğaldan azad edilmiş torpaqlarda taxıl biçini aparılacaq.

Aydın məsələdir ki, Azərbaycan gec-tez mina məsələsini də həll edəcək. Necə deyərlər, odla su arasında qalan İrəvan Ağdam rayonunun mina xəritələrini 15 erməni hərbi əsirinə dəyişməyə məcbur edildi. Zənnimizcə, mina xəritələrinin alınması müharibədən sonra əldə olunan ikinci bir qələbədir. Sözsüz ki, minatəmizləmə işlərinin sürəti daha da artacaq, torpaqlarımız bu ölümsaçan qurğulardan azad olacaq, torpaq həsrəti ilə yaşayan insanlar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar.

Həmin insanlardan biri də Ağdam sakini Adil Behbudovdur. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan Adil kişi deyir:

- Elə bir gün olmayıb ki, mən Ağdamı unudam, o doğma yerlər gecə-gündüz fikrimdən, xəyalımdan çıxmayıb. Sözün düzü, bəzən ümidlərim azalırdı, öz-özümə deyirdim ki, o yerləri görmədən bu dünyadan köçəcəyəm. Elə o dəqiqə də qəlbimin dərinliyində güclü bir inam baş qaldırırdı ki, möhtərəm Prezidentimiz mütləq bu işğala son qoyacaq. Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, Ağdamın işğaldan azad edilməsi xəbərini verdi. Həmin gün gəldi, 44 gün nəinki, mənim ailəm, minlərlə köçkün ailəsi Allaha dua edirdik ki, ordumuz qələbə çalsın. Qələbə bizə başqa bir ömür bəxş edib.

Başqa bir həmsöhbətim Nazim Əliyev keçmiş hərbçidir, məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıb. Minlərlə ağdamlı kimi o, da sevinc içərisindədir, boya-başa çatdığı yerlərə qayıtmaq üçün günləri sayır. Nazim Əliyev deyir:

- Vətən müharibəsində qazanılan tarixi qələbənin zəfərini yaşayırıq. Möhtərəm Prezidentimiz müharibədən sonra diplomatiyada da qələbə qazanır. 15 hərbi əsirin qaytarılması ilə ermənilərin Ağdam rayonunun mina xəritəsini verməsi daha bir uğurdur.

Həmin xəritə minlərlə insanın həyatını xilas edəcək, torpaqlarımıza qayıdışı sürətləndirəcək. Prezidentimizin Ağdam şəhərinin yenidən qurulması üçün təməl daşını qoymaqla çox böyük işlərin başlandığını elan etdi və biz ağdamlıların sonsuz sevincinin həddi-hüdudu yoxdur. Prezidentimizə, ordumuza minnətdarlığımı bildirirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Erməni ictimaiyyəti qələbəni həzm edə bilməsə də, ağlı və düşüncəsi yerində olan ermənilər xilas yolunu başa düşürlər. Torpaqlarımıza mina basdıran ermənilərdən fərqli olaraq Moskvada yaşayan kinorejissor Şahnazarov öz həmyerlilərinə məsləhət verəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı çıxışlarına da diqqət çəkib:

- Necə yanaşmanızdan asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir! O, daim ermənilər və azərbaycanlıların birlikdə yaşayacağını bildirir. Situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyini heç kəs tanımayacaq.

Xocalı canisi, əlləri xalqımın qanına bulaşmış Robert Koçaryan isə sərsəm bəyanatlarla erməniləri bir daha məhvə sürükləyir. Torpaqlarımıza mina basdıran həmyerlilərinin hərəkətlərinə haqq qazandırmağa çalışan bu cani beyinləri daha da zəhərləyir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onun Şuşa və Hadrutu geri qaytarmaq barədə sözlərini təhlükəli hesab edir:

- Bu, yeni problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan ordusu dayanıb. Bunun üçün yenidən savaşmaq lazım gələcək. Yəni, Robert Koçaryan əslində yeni müharibə vəd edir. Kim Azərbaycanı oralardan getməyə məcbur edə bilər? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Azərbaycan ərazisinin bir hissəsini qaytarıb və dünyada heç kim buna görə rəsmi Bakını qınamadı. Ona görə ki, dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur etmək istəyirlər. Bizdən heç nə asılı deyil, hər şey bitib.

Qalib Ali Baş Komandan İlham Əliyev ötən ilin noyabr ayının 23-də Ağdamda olarkən bəlkə də qaytardılar xülyası ilə yaşayan erməni cəmiyyətinə ən tutarlı cavabı verib:

- Bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!

Salman ALIOĞLU,

“Respublika”.