“HƏDİYYƏ KARVANI” MİNGƏÇEVİRDƏ
Sosial həyat

“HƏDİYYƏ KARVANI” MİNGƏÇEVİRDƏ

“Hədiyyə karvanı” Mingəçevirdə olub. “ASAN Həyat” kompleksində şəhərdən olan şəhid ailələrinin uşaqlarına hədiyyələr paylanıb. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqan yardımçısı Salim İsot, “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev,  bu çərçivədə həyata keçirilən tədbirlərdən söhbət açıblar.

Şəhər rəhbəri  İlham İsmayılov  xeyriyyə layihəsinin önəmindən danışaraq bildirib ki, bu layihə iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir: -"Bizim ən çətin günlərimizdə Türkiyə yanımızda olub. Qardaş ölkənin varlığını, dəstəyini vətən müharibəsində daha aydın gördük. Bu hədiyyələr şəhid, qazi övladlarına Türkiyə xalqının sevgisi, salamı, isti münasibətinin əyani təsdiqidir. Biz də öz növbəmizdə buradan Türkiyə xalqına, Türkiyə dövlətinə salamlarımızı, hörmətlərimizi və sevgilərimizi göndəririk. Bu “Hədiyyə karvanı” 16 şəhər və rayonumuzu gəzərək şəhid və qazi övladlarını sevindirir. Biz bu addımı yüksək qiymətləndiririk.

Salim İsot isə çıxışında qeyd edib ki, şəhid övladları üçün gətirilən bu hədiyyələrin maddi olaraq yox, mənəvi olaraq böyük dəyəri var:- "Bu, bizim sizə olan qardaş sevgimizdir və əsasən mənəvi dəyəri vardır. Bizim qardaşlığımız, dostluğumuz sonsuz olacaqdır. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamını və başsağlığını da çatdırıram. Biz hər zaman sizin yanınızdayıq".

Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır. Ankara şəhərindən start götürən layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edilir.

 

1 iyun tarixindən start götürən layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, İmişli, Kürdəmir şəhərində gerçəkləşdirilib. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.

Sonra, Mingəçevir "ASAN Xidmət" rəhbərliyinin təşkilatçılığı ilə mərkəzə dəvət edilən şəhid ailələri ilə görüş keçirilib, onların övladlarına hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Daha sonra, şəhər rəhbəri Türkiyədən gələn qonaqlarla şəhid ailələrinin evlərini ziyarət ediblər. Onların ailə üzvlərinə başsağlığı verilib, övladlarına hədiyyələr təqdim edilib.

 Zabit XƏLİLOV,

   “Respublika”.