Həmin günlər uzaqda deyil...
Digər xəbərlər

Həmin günlər uzaqda deyil...

İki ilə yaxındır ki, Vətən müharibəsi başa çatıb. Otuz ilə yaxın Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan Ermənistan məğlub olub. Şəhidlərimizin və qazilərimizin qanı bahasına torpaqlarımız işğalçılardan təmizlənib. Ermənilərin uydurduğu "Dağlıq Qarabağ" münaqişəsi artıq keçmişdə qalıb, arzuladıqları status isə gorbagor olub. Vaxtilə Qarabağa köçürülən ermənilər Xankəndidə, Ağdərədə, Xocavənddə məskunlaşıblar, onlar bu yerlərin daimi sakinləri olmayıblar. Gəlmədilər. Tarixi sənədlər də ortadadır. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan özünün yenilməzliyi haqqında mif yaratdı. Sabun köpüyünə oxşayan həmin mifi 44 gün ərzində şanlı Azərbaycan ordusu məhv etdi. Vətən müharibəsi milli qürur məsələsi idi. Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin bütün müsahibələrində bu fikir qırmızı xətt kimi keçib. İnformasiya müharibəsində də ən dəqiq addımları Prezident atıb və onun dəmir məntiqi qarşısında erməni havadarları susmağa məcbur olublar.

Düşmənin hərbi təxribatlarına layiqincə cavab verən və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfər tariximizə qızıl hərflərlə yazılıb. Buna baxmayaraq, ermənilər reallıqdan uzaq, xəyali bir aləmdə vurnuxurlar, bəlkə də qaytardılar, xülyası ilə ağalarının qabağında diz çökərək yalvarırlar. Nahaq yerə, artıq iki ilə yaxındır ki, işğaldan azad edilən ərazilərdə Azərbaycan çox genişmiqyaslı tikinti-quruculuq işlərinə başlayıb. Əsas hədəflərimiz Ağdam və Füzuli şəhərlərinin 2 şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək. İlkin proqnoza görə, birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün öz yeni evlərinə qayıda biləcək. Biz Qarabağ iqtisadi rayonunun hər bir şəhərini yüksək səviyyədə inkişaf etdirərək bərpa etməyi qarşımıza məqsəd qoymuşuq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış şəhərlər ən müasir şəhərsalma layihələri əsasında yenidən qurulur, yollar çəkilir, hava limanları istifadəyə verilir, enerji təsərrüfatı bərpa edilir, gələcək xoşbəxt həyata doğru inamlı addımlar atılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı təməli qoyulan yaşayış məntəqələrindən biri də Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndidir. Kənddə 5990 nəfərin (1500 ailə) məskunlaşması nəzərdə tutulub. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 evin tikilməsi həyata keçiriləcək. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Təməlqoyma mərasimi Xıdırlı kəndinin sakinləri tərəfindən də böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Kənd sakini Rahil Allahverdiyev bildirir ki, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı Xıdırlı kəndinin də təməlini qoyması kənd sakinlərinin böyük sevincinə səbəb olub. Prezidentimizə dərin təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayıram. Vətən torpağı uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Allah Azərbaycanı qorusun, bayrağımız daim uca olsun. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Kəndimizin təməli qoyulub, tezliklə tikinti işlərinə başlanacaq. Kənddə görüləcək işlərlə tanış olduq. İnsanların yaşaması, məşğulluğunun təmin edilməsi üçün bütün tədbirlər görüləcək. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri yaradılacaq, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfər işlə təmin olunacaq ki, bütün bunlar sakinlərin rahat və firavan yaşamasına hesablanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı təməli qoyulan yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Erməni işğalçıları 30 ilə yaxın dövr ərzində işğal altında saxladıqları digər yaşayış məntəqələri kimi, Sarıcalı kəndini də talan, qarət edərək xarabalığa çeviriblər. Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün müasir və yeni layihə əsasında inşa ediləcək. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb. Kənddə birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq, ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Kənd sakini Kamil Əliyev deyir ki, son zamanlar iki dəfə böyük sevinc yaşamışıq. Birinci dəfə rayonumuz, kəndimiz işğaldan azad ediləndə sevindik. 30 ilə yaxın qəlbimizdə saxladığımız arzumuz gerçəkləşdi. Növbəti dəfə isə bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən kəndimizin təməli qoyulanda sevinc və qürur hissi keçirdik. Bu xoşbəxtliyi, sevinc hisslərini bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bu gün biz sevindiyimiz kimi, şəhidlərimizin də ruhları şaddır. Çünki onların qanı-canı bahasına işğaldan azad edilən torpaqlara yeni həyat gəlib. Kənd və şəhərlərimiz yenidən qurulur. Çox keçməyəcək ki, bütün yaşayış məntəqələrimiz, o cümlədən Sarıcalı kəndi yenidən qurulacaq və keçmiş məcburi köçkünlər illərdir həsrətində yaşadıqları torpaqlarına qayıdacaqlar.

Ağdamlı məcburi köçkünlərin böyük əksəriyyəti müsahibələrində bildirirlər ki, Ağdamın, kəndlərimizin, Qarabağın, Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi ilk günlər onlara yuxu kimi gəlib. Xəyallarında yaşatdıqları yurd yerlərini Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun azad etməsi keçmiş məcburi köçkünlərə bir dünya sevinc bəxş etdi. Ağdamlılar uzun illər ərzində məskunlaşdıqları yerlərdə yır-yığış edir, yorğan-döşəyi yenidən sahmana salırlar, bir çağırışa bənddirlər ki, doğma yurda yola düşsünlər. Həmin günlər isə uzaqda deyil...

Salman ALIOĞLU,

"Respublika".