Siyasət

"Həmrəylik Halqası": təhlükəsizliyin zəmanəti

Bu, Azərbaycanın Avropa ölkələri ilə uğurlu əməkdaşlığının göstəricisidir

"Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il fevralın 13-də Bakıda Gülüstan sarayında müstəqillik dövrünün ən böyük İstilik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. Prezident həmçinin deyib ki, TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir.

Qeyd edək ki, Avropa Komissiyası ilə imzalanan sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir və Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Cari ildə isə Azərbaycanın Avropaya 12 milyard kubmetr qaz ixracı nəzərdə tutulur. 2022-ci və 2023-cü ilin ötən dövrü ərzində Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki illə müqayisədə 15 faiz artaraq 8 milyard kubmetr təşkil edib.

Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə kommersiya istismarı başlanandan sonra ümumilikdə, 22 milyard kubmetr qaz nəql olunub. Azərbaycandan Avropaya əlavə qaz tədarükünü nəzərdə tutan "Həmrəylik Halqası" təşəbbüsü digər ölkələr üçün də açıqdır. Bu barədə məlumat verən "Bulgartransgaz" şirkətinin direktoru Vladimir Malinov bildirib ki, Yunanıstanın "Həmrəylik Halqası" təşəbbüsünə qoşulması region ölkələrinin əlavə olaraq təbii qaz ilə təmin edilməsinə imkan yaradacaq.

Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik Halqası" adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Mərasimdə çıxış edən dövlət başçısı deyib: "Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil... Əminəm ki, "Həmrəylik Halqası" birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq".

Azərbaycan 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ilk dəfə olaraq Xəzər dənizində neft hasil və ixrac etmək məqsədilə xarici neft şirkətləri ilə əməkdaşlığa başladı. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərinə çatmaq üçün bu istiqamətdə uğurlu addımlarını atmaqdadır. Xəzərdən Aralıq və Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra hazırda bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməkdədir. Bir sözlə, Azərbaycan fəal enerji diplomatiyasını davam etdirir, neft meqalayihələrinin, qaz, yaşıl hidrogenlə bağlı layihələrin icrasını reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Bununla da Avrasiyanın enerji xəritəsini yenidən cızır. "Həmrəylik Halqası" isə Azərbaycanın Avropa ölkələri ilə uğurlu əməkdaşlığının göstəricisidir: "Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükünü nəzərdə tutan memorandum "Həmrəylik Halqası" təşəbbüsü vasitəsilə layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir". Bu sözləri isə Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku deyib. V.Popeskunun sözlərinə görə, bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə böyük əhəmiyyət kəsb edir.

Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən "Həmrəylik Halqası" təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.

Zümrüd QURBANQIZI,

"Respublika".