Həmrəylik, qardaşlıq nümunəsi
Sosial həyat

Həmrəylik, qardaşlıq nümunəsi

Türk Dövlətləri Təşkilatı 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanan Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında yaradılıb. Qurumun əsası 1992-ci ildə ilk dəfə Ankarada keçirilən Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə toplantıları ilə qoyulmuş, sonralar isə Naxçıvan Sazişi ilə təşkilata çevrilmişdir. Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya qısaca "Türk Şurası" kimi tanınan təşkilatın adı 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olmuşdur. Təşkilatın məqsədi türk dövlətləri arasında əhatəli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan  TDT-yə üzv ölkələrdir. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir.

2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq, böyük inkişaf yolu keçən  Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan türk dünyasının həmrəyliyinə öz töhfəsini verir. Təşkilata üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi  ölkəmizin  xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,  qardaş ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinin son xronologiyasına baxsaq, Azərbaycanın bu məsələyə əlavə dinamizm verdiyini aydın  müşahidə etmək  olar. Ötən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilmişdir. Bu il noyabrın 11-də isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib. Səmərqənd Zirvə Görüşü bu sarsılmaz  birliyi bir daha təsdiq edir. Xüsusən indiki geosiyasi vəziyyətdə  ümumi maraqlar ətrafında daha sıx birliyə nail olmaq baxımından gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq.

"Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib. İşğaldan azad olunan ərazilərə səfərlər etdiyini və görülən işlərlə tanış olduğunu vurğulayan Türkiyə Prezidenti bildirib: "Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir".

Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı ölkəmizin işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq işləri aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanıldığını deyən Azərbaycan Prezidenti İlham Əliyev  bu prosesdə Türkiyə şirkətlərinin  podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiklərini vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu xüsusi qeyd edən dövlət başçımız bildirib: "Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür".

Mustafa KAMAL,

"Respublika".