Həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir
Türk dünyası

Həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir

Azərbaycan-Türkiyə
Bu gün bəşəriyyətin çoxəsrlik tarixinin parlaq səhifələrindən birini bənzərsiz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir. İki ölkə arasında əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli lider Heydər Əliyevin "İki dövlət, bir millət", Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir" fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir.

Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Bəli, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləmişdir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirdi. Çünki Azərbaycanın işi haqq işi idi. İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycanın bu haqq savaşında öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti, siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Belə ki, sentyabrın 27-də Türkiyənin müdafiə naziri H.Akar Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq xarici işlər naziri M.Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər zamanı türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatların gedişində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir". Qeyd edək ki, istər müharibə dövründə, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyəti də Azərbaycan dövlətinə və xalqına böyük dəstək olmuşdur. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi, peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha birlik və bərabərliyimizin təntənəsinə çevrildi. Bir neçə dəfə düşmənin raket zərbələrinə məruz qalan, Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək qalmadığının, əsl həqiqətin kimin tərəfində olmasının dünyaya nümayişi oldu. Əlbəttə ki, Zəfərimizdə Türkiyə istehsalı olan "Bayraktar" zərbə PUA-larının rolu da çox böyükdür.

Dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində oldu, eyni zamanda türk xalqından da böyük dəstək gördük. Onların arasında "Dağlıq Qarabağda savaş başlayarsa, düşünmədən gedərəm" deyən qan qardaşlarımız vardı. Vətən müharibəsinin başladığı ilk gündən son günədək Türkiyənin bütün şəhərlərində ictimai nəqliyyat vasitələrində, bütün eyvanlarda və ən yüksək zirvələrdə Türk-Azərbaycan bayraqları birgə dalğalandı. Qələbə Gününü bizimlə birlikdə onlar da səbirsizliklə gözlədilər.

Dağlıq Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürəkdən gələn, etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Belə ki, artıq noyabrın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri M.Çavuşoğlunu, milli müdafiə naziri H.Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi H.Fidanı qəbul etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki: "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı".

Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi qədim tarixə malik ortaq milli-mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olmaqdan başqa, həm də uydurma ikili standartların yox, ədalətin qələbə çalmasına dəstək verməyin ifadəsidir. Bəzi siyasətçilər və politoloqlar İkinci Qarabağ müharibəsində təkcə Azərbaycanın deyil, Türkiyənin də qalib gəldiyini düşünməkdədirlər. Eyni dil, din və tarixi köklərə malik olan iki ölkənin həm də hərbi-siyasi əməkdaşlığı, iqtisadi əlaqələri və diplomatik gücü təkcə Cənubi Qafqaz bölgəsində deyil, böyük bir Avrasiya coğrafiyasında Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabr Zəfər paradında çıxış edərkən qeyd etmişdir: "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstərdik". Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, dünyaya sülh və barış gətirməyin nümunəsidir. Əminliklə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canımızla, dilimizlə, dinimizlə bağlıyıq!

Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Qarabağa iki dəfə səfər etməsi də Türkiyənin bütün varlığı ilə Azərbaycanın yanında olmasından xəbər verir. Qarabağın hava qapısı olan Füzuli Hava Limanının açılışında iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazilərinə göz dikənlərə və onların himayədarlarına önəmli mesajlar vermiş oldu. Bu səfərlər həm də Türkiyəni bölgəyə buraxmaq istəməyənlərin də təslimçiliyinin rəsmiləşməsi deməkdir. Ən önəmli məsələlərdən biri də odur ki, regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasıda bu səfər dünyaya ciddi mesaj deməkdir.

Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir.

Onu da deyək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: "Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər''.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəkləri nəzərdə tutulur.

Ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.

Göründüyü kimi, çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan - Türkiyə birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə, dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də örnəkdir.

Esmira Yazkan ASLANOVA.