Hər aşiqə öz istədiyi yarı gözəldir...
Tarixi şəxsiyyətlər

Hər aşiqə öz istədiyi yarı gözəldir...

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Bu, bir Vətən, millət sevdalısı, aşiqi qəzəlxan-şair Vahidin ərzi-eşqidir. Onun şeirlərinin əsas mövzusu eşqdir. Amma bu eşq təkcə bir xanıma, hansısa gözələ deyil, Vətənə, millətə, Tanrıya olan ülvi hisslərlə qələmə alınıb. Əliağa Vahidin qəzəlləri sadə dili, ahəngi, çaları və xəlqiliyilə seçilmişdi. Bu qəzəllər bütün dövrlərdə xanəndələrin, muğam ustalarının ifasında dillər əzbəri olmuşdur. Vahid, həmçinin Nizaminin, Xaqaninin, Füzulinin, Nəvai və başqa şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Hətta onu Məhəmməd Füzulinin yadigarı adlandırmışlar.

İsgəndərov Əliağa Məmmədqulu oğlu - Əliağa Vahid 1895-ci il fevral ayının 18-də Bakının Masazır kəndində anadan olub. Mədrəsədə təhsil alan Vahid ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq, xarratlıqla məşğul olmuşdur. 18-19 yaşlarında olanda onda şeirə həvəs oyanmış, yazdığı şeirləri bir müddət sonra "İqbal", "Bəsirət", "Babayi-əmir" qəzet və jurnallarında çap etdirmişdir. Bakıda "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş və bu məclisdə ona Vahid təxəllüsü verilmişdir. O, ilk dəfə Azər Münirinin şeirlərindən ilhamlanaraq lirik şeirlər yazmağa başlamışdır. Vahidin şeirlərinin əsas mövzusu, istiqaməti cəmiyyətin nöqsanlarını, mövhumatı və haqsızlığı ifşa etmək idi. Şairin ilk kitabı "Tamahın nəticəsi" adı ilə nəşr olunmuşdur.

Vahid dövrünün ən oxunaqlı mətbu orqanı olan 'Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər", "Mollaxana" kitabındakı şeirlərində yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur, tənqid edilirdi. Şair cəmiyyətdə baş verən geriliyi, cahilliyi şeirlərində tənqid edərək, onları xalqa satirik formada təqdim edərmiş. Ona görə də şairi bütün xalq sevər və yazdığı qəzəllər əldən-ələ gəzərək dillər əzbəri olarmış. Və maraqlı cəhətlərdən biri də o idi ki, şairin qəzəllərini xalq ən çox öz dilindən eşitməyi sevərmiş. Qəzəl janrının görkəmli nümayəndəsi olan Əliağa Vahid həm də Füzuli ənənələrinin davamçısı idi. O, xalq arasında çox sevilib, pərəstiş edilsə də, amma xoşbəxt yaşamamışdır. Onun acınacaqlı, çətinliklərlə dolu həyatı şairin əzmini, iradəsini sındıra bilməmişdir.

Etibar görməyincə, sevmərəm bir dilbəri

Nazənin mehparədən etibar istər könül.

Vahid cəmiyyətdə baş verən eybəcərlikləri cəmiyyətin özünə çatdıran şair idi. Elə buna görə də, ona qarşı hücumlar həmişə olub. Bütün bunları dərk edən şair ona qarşı yönəlmiş böyük təqib və hədələrdən yayınmaq üçün çox vaxt özünü içki düşkünü kimi göstərmiş, sovet rejiminin ən kəskin, amansız bir dövründə bu təqiblərdən qorunmaq üçün içkidən sanki müdafıə vasitəsi kimi istifadə etmişdir. Belə ki, repressiyaların tüğyan etdiyi bir dövrdə Mircəfər Bağırovun qarşısına siyahı qoyurlar. Həmin siyahıda Əliağa Vahidin də adı varmış. M.Bağırov şairin adının üstündən xətt çəkərək bütün günü içki içən insandan bizə zərər gəlməz, demişdir. Bir müddət sonra isə acınacaqlı şəraitdə yaşayan şairə M.Bağırov 1951-ci ildə mənzil hədiyyə etmişdir.

Əliağa Vahidin məclislərdə, toy-düyünlərdə öz yeri, hörməti olub. Bakıətrafı və başqa rayonlarda olan toy məclislərində insanlar Vahidin qəzəllərini öz dilində eşitməyi səbirsizliklə gözləyər, meyxana deməyini çox sevərmişlər. Təəssüf ki, çəkdiyi ağrı-acılar, xəstəliklər, çətin güzəran və etibarsız insanlar şairi daxilən incidirdi. Əliağa Vahid dövrünün ziyalıları olan Cəfər Cabbarlı, Səməd Vurğun, Seyfəddin Dağlı və Hüseyn Abbaszadə ilə yaxınlıq edərmiş. 1924-cü ildə məclislərin birində rus şairi Sergey Yeseninlə tanış olmuş və bu tanışlıq sonralar yaxın dostluğa çevrilmişdir. Onu xalqa sevdirən cəhətlərindən bəlkə də ən birincisi məclislərdə bədahətən şeir deməsi idi.

Əliağa Vahid 1965-ci il sentyabrın 30-da Bakı şəhərində vəfat etmişdir. Şair dünyasını dəyişəndə heç bir fəxri adı olmadığı üçün ümumi qəbiristanlıqda dəfn edilməsi nəzərdə tutulmuşdu. Lakin xalqın, millətin ona olan sevgisi, hörməti sayəsində Əliağa Vahid Fəxri xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".