Hər bir halda dövlət olaraq İran məsuliyyət daşıyır
Digər xəbərlər

Hər bir halda dövlət olaraq İran məsuliyyət daşıyır

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun baş verməsi  ciddi bir məsələdən xəbər verir. Uzun müddətdir ki, Azərbaycana hədələr yağdıran İran dövlətinin terrora göz yumması onun bu işdə birbaşa maraqlı tərəf olduğunu göstərir. 

Diplomatik missiyaya qarşı bu səviyyədə hücum edilməsi, təhlükəsizlik əməkdaşının öldürülməsi bunu deməyə əsas verir. Tehranın polis rəisinin hadisənin məişət xarakterli cinayət olduğunu deməsi isə ən azından məsuliyyətdən boyun qaçırmağa cəhddir. Heç bir halda bir dövlət olaraq İran bu məsuliyyətdən yaxasını qırağa çəkə bilməz. Ən azından ona görə ki, hər bir ölkə ərazisində yerləşən diplomatik korpusun təhlükəsizliyinə cavabdehdir.  Bunu İranın da qoşulduğu beynəlxalq hüquqi sənədlər də təsdiq edir. Belə ki, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilmədən qorumaq nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün öhdəlik qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir".

Terrorçuya bu işi həyata keçirmək üçün əlverişli şərait yaradılması ondan xəbər verir ki, Azərbaycan səfirliyinin İran dövləti tərəfindən  mühafizəsi zəifdir, yaxud da heç yoxdur.

İran dövlətinin məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif etməsi, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına cəhd göstərməsi qaranlıq məqamların olduğu anlamına gəlir. Ona görə də belə bir hadisənin məsuliyyəti  yenə də İranın üzərindədir.

Bir çox dövlətlərin bəyanatlarından da görmək olur ki, hadisə İranın necə şərh verməsindən asılı olmayaraq,  çox ciddi xarakter daşıyır. Çünki diplomatik missiyaya qarşı terror qəbuledilməzdir.

İran ən azından tutulan terrorçunu Azərbaycana təhvil verməlidir. Çünki hadisə Azərbaycana qarşı törədilib. Dövlət olaraq İran səmimi olmalı və bu məsələdə beynəlxalq hüququn tələblərinə riayət etməlidir.

İran və onun kimi terror dövləti olan digərləri bizi haqq işimizdən döndərmək iqtidarında deyillər. Bu,  birmənalı olaraq belədir.

Şəhidimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, İranın belə hərəkətlərə yol verməsini isə qəti şəkildə pisləyirik!

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.