HƏR DAMLA  SU  MƏHSUL BOLLUĞUNA XİDMƏT EDİR
Region

HƏR DAMLA  SU  MƏHSUL BOLLUĞUNA XİDMƏT EDİR

Təcrübəli meliorator,  Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzovla  sahədə iş başında görüşdük. O,  bildirdi ki,  Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması,  ərzaq təhlükəsizliyinin təmin edilməsi,  sənayenin xammalla təminatının yaxşılaşdırılması,  idxal məhsullarının azaldılması,  ixracyönümlü məhsulların istehsalının artırılmasında meliorasiya və su təsərrüfatı sahəsində reallaşan infrastruktur layihələrinin önəmi böyükdür.  Bu işlərin yüksək səviyyədə həyata keçirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür.  Çünki  aqrar sahənin inkişafı iqtisadiyyatın əsasını təşkil edir.

Ümummilli lideri Heydәr Әliyev tәrәfindәn meliorasiya vә su tәsәrrüfatı potensialının yaradılması,  inkişafı,  aparılan islahatlar vә böyük quruculuq işlәri  bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә uğurla davam etdirilir.  Son illәrdә aqrar sahәyә әsaslı kapital qoyuluşu dәfәlәrlә artmış,  aqrar sahәnin maddi-texniki bazası xeyli güclәndirilmişdir.   Minlәrlә kilometr suvarma kanallarının vә kollektor­-drenaj şәbәkәlәrinin bәrpası,  yenidәn qurulması vә tikintisi hәyata keçirilmiş,  subartezian quyuları qazılmış,  sel vә daşqınlara qarşı sahilbәrkitmә vә bәndlәrin möhkәmlәndirilmәsi işlәri uğurla hәyata keçirilmişdir.

2022-ci ilin 9 ayı ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsinində həmin dövr üçün nəzərdə tutulan,  təsdiq edilmiş tədbirlər planına uyğun olaraq qurulmuşdur.   Kənd təsərrüfatı bitkilərinin suvarmasının həyata keçirilməsi məqsədilə,  kanalların su limitləri təsdiq edilmiş,  dövlət təsərrüfatlarının,  fermerlərin,  digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan mövcud imkanlardan maksimum istifadə olunmuşdur.   Göstərilən dövrdə Göygöl rayonu ərazisində 12510  hektar sahələrdə  kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilmişdir. İdarə üzrə suvarmada 296 ədəd subartezian quyusunun (5820 hektar təmin etməklə) və 10 ədəd su nasos stansiyasının (1294 hektarı təmin etməklə) suvarma suyundan istifadə olunmuşdur.

İdarə üzrə kanal və arxların lildən təmizlənməsi üzrə mexanizmlərlə 466 kubmetr lildən təmizləmə işləri aparılmışdır.  Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində  çayların məcraları mexanizmlərlə təmizlənmiş,  arxların və kanalların dəhnələri şitlər və digər vasitələrlə bərkidilmişdir.  Belə ki,  Gəncə çay,  Kürək çay,  Qoşqar çaylarının məcraları mexanizmlərlə təmizlənmiş Qızılca,  Nadel,  Mollaosman,  Bəhrəmbəy arxları və kanalları daha da   möhkəmləndirilmişdir.  122 min kubmetr həcmində çay məcrasında təmizləmə işləri görülmüşdür.  İdarə üzrə 35 ədəd hidrotexniki qurğu,  21 ədəd hidropost cari təmir edilmiş,  arxlarda və kanallarda 65 min kubmetr kol-koslardan təmizləmə işləri görülmüşdür.  Boru kəmərində 3, 0 km uzunluğunda,  hissələrlə cari təmir işləri aparılmış,  beton kanallarda 4, 0 km-dək hissədə cari təmir işləri görülmüşdür.   Onu xüsusilə qeyd etmək lazımdır ki,  idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin saz saxlanması və qəzasız fəaliyyəti tam təmin olunmuşdur.   Bundan başqa, Xanlar arxında və Ərəbli arxında cari təmir işləri görülmüş,  həmin arxlarda əkin sahələrinin tam suvarılması təmin edilmişdir.  Kürək çay,  Qoşqar çaylarda qapalı boru şəbəkələri cari təmir edilmişdir.  Cari tədbirlər planına uyğun olaraq,  9 ayda 174 ədəd subartezian quyusu cari təmir olunaraq fermerlərin və fiziki şəxslərin istifadəsinə verilmişdir.

Rayonun Balçılı kəndində, Səmədli və Nadil qəsəbələrinin hər birində 1 ədəd, Quşqara kəndində isə 2 ədəd, olmaqla, ümumilikdə 5 ədəd subartezian quyusunun lülə kolon hissələrinin qazılması başa çatdırılmışdır. Göstərilən quyuların yüksəkgərginlikli elektrik xətləri çəkilmiş,  qidalandırıcı gərginlik transformatorların quraşdırılmasına başlanmışdır. Eyni zamanda bununla bağlı tikinti işləri davam etdirilir. Təmirə yaramayan 14 ədəd subartezian quyusuna təzə nasos aqreqat quraşdırılaraq iş rejimləri bərpa edilmişdir.   Həmçinin, 4 ədəd subartezian quyusunun mühafizə şitləri yenilənərək işə salınmışdır.  

                                                  Zabit XƏLİLOV,

“Respublika”.