Hər daşı, hər qarış torpağı bir tarix olan Şuşa
Tarix

Hər daşı, hər qarış torpağı bir tarix olan Şuşa

Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi özündə yaşadan, Azərbaycanın unikal  mədəniyyət mərkəzi, milli memarlığımızın və orta əsr şəhərsalma sənətimizin qiymətli abidəsi olan Şuşa  Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında hər zaman özünəməxsus rol oynamışdır. Azərbaycanın qədim tarixə malik, şəhər mədəniyyətinin nadir incisi olan Pənahabad--Şuşa qala şəhəri Cavanşirlər tayfasının başçısı Pənahəli xan tərəfindən yaradılmışdır. Şuşa qalası mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, tarixin sərt sınaqları ilə üzbəüz qalmış, dəfələrlə xarici hücumlara, müdaxilələrə qarşı mübarizələrdə qalib gəlmişdir.

1747-ci ildə İran hökmdarı Nadir şahın ölümündən sonra  Pənahəli xan tərəfindən İran hökmranlığı ilə gərgin mübarizə şəraitində yaranmış Qarabağ xanlığına  İranda baş verən siyasi hadisələr ciddi təhlükə yaradırdı. Mərkəzi hakimiyyəti ələ keçirmək istəyən qüvvələr arasında Məhəmmədhəsən xan Qacar, Fətəli xan Əfşar və Kərim xan Zənd xüsusilə fərqlənirdilər. Bu qüvvələrin hər hansı birinin hücumuna Bayat və Şahbulağı qalasının davam gətirə biməyəcəyini bilən Pənah xanın göstərişi ilə ruhanilərin və saray məmurlarının  müşavirəsi çağırılır və müşavirədə qərara alınır: “...Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla əlaqəmiz bir an belə kəsilməməlidir”.

Və bununla üç tərəfi təbii istehkamlarla, hündür qayalarla əhatə olunmuş, qədim türk ellərinin yaşayış məskəni olan ərazidə Pənahabad qalasının əsası qoyulur.

               “Qarabağ...Şuşada zəngin bir saray,

                Açılır qapısı, örtülür lay-lay,

               Onun divarları al-əlvan naxış,

               Əsrdən-əsrə yadigar qalmış...

Pənahəli xan və İbrahimxəlil xan tərəfindən qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa edilən Şuşa--Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli kimi məhəllələrə bölünmüş və hər məhəllənin öz hamamı, məscidi və bulağı olmuşdu. 300 tarixi abidə, o cümlədən respublika və dünya miqyaslı 23 abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olan Şuşada abidələrin çoxu XVIII-XIX əsrlərə aid edilir. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizdən miras qalan tarixi salnamədir.

Üç əsrlik yaşı olan  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları,  Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, “Gövhər ağa məscidi”, əsas ticarət mərkəzi olan “Rastabazar”, Daşaltı dərəsi, Cıdır düzü,  möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər memarlıq inciləri ilə əsrlərdən-əsrlərə, nəsillərdən -nəsillərə yadigar qalmışdır.

Mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi kimi görkəmli şəxsiyyətlərin vətəni olmuş, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimləri, görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınmışdır.

Azərbaycanın mədəniyyət məbədi, hər parçası, hər daşı bir tarix  olan qədim  Şuşa özü boyda tarixi abidədir. Qarabağın ən dilbər guşəsi sayılan, gözəlliyi və nəcibliyi ilə hər kəsi heyran qoyan,  Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşən Cıdır düzü təbiətin Şuşaya bəxş etdiyi əsrarəngiz gözəlliyi ilə insanı valeh edir.

İlk dəfə məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə  Şuşada Cıdır düzündə keçirilməyə başlayan  "Xarıbülbül" Beynəlxalq Festivalı sonralar  hər ilin may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilmiş və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunmuşdu. 1992-ci ildə 4-cü  “Xarıbülbül” festivalı mayın 15-də keçirilməli, burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfər iştirak etməli idi. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdi.

Nəhayət,  44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Azərbaycan xalqının həsrətlə gözlədiyi gün gəlib çatdı. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla 2021-ci il mayın 12-13-də Şuşada  Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə "Xarıbülbül"  festivalı  düzənləndi. “Xarıbülbül” musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı.  Dövlət başçısı dedi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir… 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır”.

Festivalda Xan Şuşinskinin “Şuşanın dağları”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ”ı yenidən Şuşanın dağını-daşını yerindən oynatdı.

Prezident İlham Əliyev  bu gözəl ənənənin bərpa edildiyini və bundan sonra “Xarıbülbül” festivalının Şuşada hər il keçiriləcəyini bildirdi.

XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb yaratmışdır.  Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı milli ədəbiyyatımızda, tariximizdə, mədəniyyətimizdə böyük xidmətləri olan Vaqif irsinə dərin hörmət və ehtiramın  təzahürü idi. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Bu il  avqust ayının  30-da  dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi, yaradıcılığında özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilən Molla Pənah Vaqif irsinə işıq salan  Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra Qarabağın tarixi, Qarabağda yaranan şeir, musiqi sənəti yenidən yaşamaq hüququ aldı. Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı, 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən başladığı gün isə ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanın söz, şeir bayramına çevrildi.

        Mehparə ƏLİYEVA,

                                                                        “Respublika”.