Hər gün bir tarix idi
Tarix

Hər gün bir tarix idi

8 noyabr 2020-ci il

Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Şuşa şəhəri işğaldan azad olunub.

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

***

"Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib: "Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!", - deyə dövlətimizin başçısı vurğulayıb.

***

 "Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etdim". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində deyib. "Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik", - deyə ölkə başçısı əlavə edib.

***

Saat 13:58 radələrində Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib. O, "Instagram" hesabında Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə bağlı çıxışını paylaşıb.

***

"Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Qardaşlarımızın sevinci bizim sevincimizdir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin erməni işğalından azad edilməsindən danışarkən deyib. Ərdoğan Şuşanın azad edilməsinə görə çox sevindiyini bildirib". Şuşanın qurtuluşu, işğal altındakı torpaqların qalan hissəsinin də azadlığına qovuşmasının yaxın olduğunu göstərir. 30 ildir ki, Minsk üçlüyü tərəfindən aldadılan və 30 ildir gözləyən qardaşlarımız, səbir edən zəfər qazanar deyərək səbir etdilər və zəfər qazandılar. Addım-addım işğal altındakı şəhərlərini və bütövlükdə Qarabağı azad edən azərbaycanlı qardaşlarımızın sevinci bizim sevincimizdir".

***

Saat 14:17 radələrində Ali Baş Komandan Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevə zəng edib. Prezident İlham Əliyev bu barədə "Twitter" hesabında bildirib. Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

***

"Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır". Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.

"Respublika".