Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır
Digər xəbərlər

Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

Bu artıq müzakirə olunmaz mövzudur ki, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan nümunəvi ölkəyə çevrilib, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Ermənistanın uzun illər davam edən işğal siyasəti, Azərbaycanın bu müddət ərzində danışıqlar prosesinə sadiq qalması, bunun səmərəsiz olduğunu gördükdə əks-hücum əməliyyatları nəticəsində torpaqlarını işğaldan azad etməsi nəticədə bütün region dövlətlərinin milli maraqlarına cavab verən reallıqlar yaratması bunun əyani sübutudur. Təbii ki, bütün bunlar dövlətimizin gücünü və onun rəhbərinin - cənab İlham Əliyevin uğurlu siyasətini və qətiyyətini göstərir. Hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, oranın əsl sakinlərinin öz ata-baba yurdlarına qayıtması, məcburi köçkünlərin uzun illər pozulmuş hüquqlarının təmin edilməsidir. Azərbaycan bu prosesə müharibə başa çatdıqdan dərhal sonra başladı və üstündən keçən bu qısa müddət ərzində xeyli işlər görülüb. Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır.

Bu gün bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə nəzarəti altındadır. Ölkə başçısı infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir.

Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına son səfərləri də bir sıra vacib məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısının Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Həmin ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması, sözsüz ki, prioritet məsələlərdəndir. Həm indiki, həm də gələcək nəsillərə, həmçinin gələcəkdə buranı ziyarət edəcək xarici qonaqlara muzeylər vasitəsilə real məlumat vermək mümkün olacaq.

Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Azərbaycan hərbi qüdrətini bundan sonra daha da artıracaq. Azərbaycan Ordusunda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması bu istiqamətdə görülən işlərin və aparılan islahatların nəticəsidir. Ötən il dekabrın 24-də Hadrut qəsəbəsində, bir neçə gün öncə isə Kəlbəcərdə Komando hərbi hissələrinin açılışı baş tutdu. Kəlbəcərdə hərbçilər qarşısında çıxış edən cənab İlham Əliyev Ermənistanda məğlubiyyətlərindən nəticə çıxara bilməyən, revanşist düşüncə sahiblərinə bir daha yerini göstərdi - "Dəmir yumruq" yerindədir". Təbii ki, günü-gündən güclənən Azərbaycanın qarşısında Ermənistan tərəfinin heç bir şansı yoxdur. Onlar bir də heç vaxt Azərbaycanla qarşı-qarşıya gələcək gücdə olmayacaqlar. Onların düşdükləri böhrandan yeganə çıxış yolu sadə məntiqlə qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Mənasız xəyallar onları daha da uçuruma yuvarlaya bilər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.