“Hər uşağa bir kitab”
Region

“Hər uşağa bir kitab”

“Kitab bilik mənbəyidir”, deyiminin hansı zaman kəsiyində yaranmasından asılı olmayaraq, artıq atalar sözünə çevrilmiş bu sadə cümlədən doğan məna indinin özündə də müasirdir. İnsan öz intellektini, dünyagörüşünü, bilik-savad dairəsini kitabla zənginləşdirir. Kitaba olan marağı artırmaq, kitabın insan həyatına göstərdiyi təsiri gənc nəslə aşılamaq məqsədi ilə Cəbrayıl Rayon Təhsil Şöbəsində “Hər uşağa bir kitab” layihəsi uğurla həyata keçirilir.

Cəbrayıl rayonunun Biləsuvar  ərazisində müvəqqəti məskunlaşan, qəsəbələrində təhsil alan məktəblilər növbəti dəfə Lalə Novruzova ilə görüşə toplaşmışdılar. Rayonun Çullu kənd sakini Lalə Novruzova Cəbrayıl məktəbliləri arasında ilk dəfə 700 bal toplamışdır. 2015-ci ildə 15 saylı məktəbi bitirən Lalə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Maraqlı keçən görüşdə Lalə Novruzova təhsildə qazandığı müvəffəqiyyətlərdə kitabın rolundan danışdı, mütaliənin insan həyatına bəxş etdiyi uğurlardan söz açıb görüş iştirakçılarının suallarını cavablandırdı.

Görüşün sonunda “Hər uşağa bir kitab” layihəsi çərçivəsində şagirdlərə kitab və digər hədiyyələr təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.