Hər zaman bir-birinin yanında
Digər xəbərlər

Hər zaman bir-birinin yanında

Fevral ayının 6-da bütün türk dünyasını sarsıdan 7.7 və 7.6 bal gücündə zəlzələ baş vermişdi. Rəsmi açıqlamalara əsasən, zəlzələ nəticəsində ölənlərin sayı artıq 40 mini keçib. Azərbaycan zəlzələ baş verən andan bu yana maddi-mənəvi cəhətdən Türkiyənin yanındadır. Fövqəladə Hallar Nazirliyinin ilkin mərhələdə 725 nəfərdən ibarət çevik xilasetmə qüvvələri göstərişə əsasən, axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yola düşdü. Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri, xüsusi təlim görmüş itlər və axtarış üçün zəruri vəsaitlər yola salındı. Xilasedicilərimiz ilk gündən bu yana zəlzələnin nəticələrinin aradan qaldırılmasında türkiyəli qardaşları ilə birlikdə çalışırlar.

Əbədi qardaş ölkə olan Azərbaycan və Türkiyə təkcə xoş gündə yox, həm də dar gündə bir-birinə daima dayaqdır. Paytaxtla yanaşı, rayonlarımızda da türk qardaşlarımız üçün yardımlar toplanıb Türkiyəyə göndərilir. Rəsmi və qeyri-rəsmi bütün qurumlar öz növbələrində qardaş ölkədən dəstəklərini əsirgəmirlər. Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə xalqımız Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzür. Təəssüf ki, ölənlər arasında həmyerlilərimiz də var.

Prezident İlham Əliyev öz dərin kədərini bildirərək Türkiyə xalqına başsağlığı verib: "Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!".

"Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir". Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram səhifəsində paylaşıb. O, həmçinin belə qeyd edib: "Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!".

Bunun ardınca fevral ayının 8-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi ("MÜSİAD Azərbaycan"), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi ilə "Qardaş köməyi" adlı yardım platforması yaradılıb. Platforma Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərir. Operativ şəkildə yardımların toplanması məqsədilə yaradılan bu platforma isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardımlar göndərib. Yardımlar Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə qardaş ölkəyə yola salınıb. Həmçinin, yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb ediblər.

Bir millət, iki dövlət olaraq dünyaya bir daha nümayiş etdirdik ki, nə olursa-olsun biz daim bir-birimizə dayağıq. Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir.

Töhfə SƏMƏDOVA,

"Respublika".