Hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir
Sosial həyat

Hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir

Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlərə dövlət müstəqilliyinin bərpasından az sonra, milli ordu quruculuğu üçün ilk addımların atıldığı vaxtdan xüsusi diqqət yetirilib, bir sıra qanunvericilik aktları qəbul edilib, hərbi qulluqçuların statusu, onlar üçün güzəştlər, imtiyazlar, maddi təminatlar müəyyənləşdirilib. Bu məsələlər ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müasir ordu quruculuğu prosesində əsaslı şəkildə öz həllini tapıb, hərbi qulluqçulara dövlət qayğısı real xarakter alıb. Həmin dövrdə müharibə şəraitinin mövcudluğu, torpaqlarımızın işğal altında olması ölkəmizin hərbi potensialını sürətlə artırmaq vəzifəsini qarşıya qoyurdu. Silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığına, döyüş təcrübəsinə yiyələnməsi, hərbi təhsilin keyfiyyətcə yenilənməsi və s. məsələlərlə yanaşı, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün mühüm amil idi. Məhz buna görə də ulu öndər Heydər Əliyev hərbi qulluqçuların və onların ailələrinin etibarlı sosial müdafiə sisteminin yaradılmasına, məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Ümummilli liderin şəxsi gündəlik qayğısı ilə əhatə olunan ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qaldırıldı və bununla bağlı dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Məhz bunun nəticəsində Azərbaycan ordusu qısa müddətdə bölgədə ən güclü və intizamlı hərbi gücə çevrildi.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizə başçılıq etdiyi on yeddi il ərzində isə silahlı qüvvələrimizin inkişafı böyük vüsət alıb, hərbi quruculuqda misilsiz nailiyyətlər əldə olunub. Ölkəmizin hərbi qüdrətinin artırılması ilə yanaşı, silahlı qüvvələrimizin şəxsi heyətinin sosial müdafiəsinin daha da gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının yüksəldilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqi mühüm əhəmiyyət kəsb edir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ-hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Dövlətimizin başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı ilə Qanunun tətbiqindən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə də 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınıb və qərar müəyyən olunmuş müddətdə icra edilib.

Qanunvericilikdə hərbi qulluqçuların mənzillə təmin olunmaq hüququ təsbit olunub. Bütün hərbi qulluqçulara (müddətli həqiqi xidmət hərbi qulluqçular istisna olmaqla) xidmət yerinə gəldikdən sonra üç aydan gec olmayaraq, qanunvericiliklə müəyyən olunmuş normalara cavab verən xidməti mənzil verilir. Xidməti mənzil Müdafiə Nazirliyinin, digər nazirliklərin, mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondundan ayrılır. Xidməti mənzil alanadək hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (məsələn, hərbi hissənin ünvanı bu ya müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınmaqla onlara müvəqqəti mənzil kirayəsi üçün xidmət yeri üzrə pul kompensasiyası ödənilir. Ali hərbi-tədris müəssisələrin ailəli kursantları, ailə yataqxanalarında yerləşdirilirlər, belə yataqxanalar olmadıqdı isə, onlara müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənilir. Kompensasiyaların məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Rəşadətli ordumuzun Ermənistan işğalçı qüvvələrini məhv etməsi, təcavüzkar ölkəni diz çökdürməsi və möhtəşəm zəfər qazanması qəhrəman hərbçilərimizin onlara qüdrətli dövlətimiz və Müzəffər Ali Baş Komandan tərəfindən göstərilən diqqət və qayğıya, hərbçi peşəsinə verilən dəyərə cavabı oldu. “Dəmir yumruq” əks-həmlə əməliyyatı - 44 günlük Vətən müharibəsi Azərbaycan silahlı qüvvələrinin gücünün, onun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda qələbəni hərbi texnika deyil, məhz vətənpərvər və cəsur əsgər və zabitlərimiz qazanıblar.

Hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, həmişə olduğu kimi, yenə dövlət siyasətinin prioritetlərindəndir. Şəhid ailələri, həmçinin müharibə əlilləri və onların ailə üzvləri cənab Prezidentin və Birinci vitse-prezidentin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Vətən müharibəsində iştirak edən, yaralanan, şəhid olan hərbçilərin ailələrinə dəstək mexanizmləri hazırlanıb və tətbiq edilir. Dövlətimizin başçısının Sərəncamı ilə ötən il dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Milli Qəhrəman adına layiq görülən hərbçilərin təqaüdləri 1800 manata çatdırılıb, hərbçilər üçün daha bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub və məbləği 2000 manat olaraq müəyyən edilib. Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edib.

Bundan əlavə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri üçün müxtəlif sosial müdafiə tədbirləri həyata keçirilir. Onlara mənzillər və evlər, şəxsi avtonəqliyyat vasitələri verilir. Ümumilikdə şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib. Vətən müharibəsində şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və Milli Bank birgə zəruri tədbirlər həyata keçiriblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlər də operativ qaydada həll edilir. Bu məqsədlə yaradılmış xüsusi komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.

Hazırda xidməti vəzifələrini işğaldan azad edilmiş ərazilərdə yerinə yetirən hərbi qulluqçuların maddi təminatına xüsusi qayğı göstərilir. Mövcud vəziyyət, xidmət xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, onların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Belə ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçular vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr alırlar. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Dövlətimizin, onun başçısının hərbi qulluqçulara diqqət və qayğısı, xüsusən, hərbi vəzifələrini yerinə yetirərkən şəhid olan hərbçilərin ailələrinin, qazilərin sosial ehtiyaclarının operativ qaydada və yüksək səviyyədə ödənilməsi cəmiyyətdə böyük razılıq hissi doğurur. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəsmi internet səhifəsində bununla bağlı çoxsaylı vətəndaş rəyləri vardır. Onlardan birinə diqqət yetirək: “...Düzdür, oğul itkisi çətindir. Lakin qürur hissi keçiririk ki, oğlumuz torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qan axıdılmasa, torpaq azad olunmaz. Biz bunu bir daha gördük. Bütün Azərbaycan xalqı şəhidləri, qaziləri ilə fəxr edir. Sizin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığınız diqqət və qayğı hər kəsə çox yaxşı məlumdur. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinin həllinə hər zaman olduğu kimi, hazırda da böyük diqqət göstərilir”. Bunu Salyan şəhər sakini, şəhid atası Əhməd Səfərov bir neçə gün əvvəl Prezident İlham Əliyevə ünvanladığı teleqramda bildirib. Onun kiçik oğlu Çoşğun 44 günlük Vətən müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Səfərovlar ailəsi dövlətin şəhid ailələri üçün müəyyənləşdirdiyi bütün imtiyazlardan, güzəştlərdən və sosial təminatlardan istifadə edirlər. Üstəlik, ailənin ikinci oğlunun məşğulluq məsələsi də həll olunub. Şəhid atası buna görə də minnətdarlıq edib...

Azərbaycan silahlı qüvvələrinin təkcə müasir hərbi texnika ilə təchizatı deyil, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından gücü və qüdrəti dünyanın diqqət mərkəzindədir. Vətənpərvər əsgər və zabitlərimiz həm də ona görə yenilməzdirlər ki, arxalarında daim dövlətin qayğısı, dəstəyi və hərtərəfli təminatı dayanır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.