Hərbi sənayenin inkişafı diqqət mərkəzində
İqtisadiyyat

Hərbi sənayenin inkişafı diqqət mərkəzində

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı.

Cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun gücü ilə qazanılmış möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müharibədən sonra da müdafiə sənayesinin inkişafı diqqət mərkəzində saxlanılır. Son dövrlərdə ölkəmizin müxtəlif ərazilərində yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Bununla yanaşı, müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, yeni silahlı birləşmələr yaradılır. 2021-ci ilin dekabrında Hadrutda birinci komando hərbi hissəsi istifadəyə verilib. Həmçinin Kəlbəcərdə Komando qüvvələrinin ikinci hərbi hissəsinin açılışı da baş tutub ki, bu da ordumuzun gücünün növbəti nümayişi kimi qiymətləndirilir. Bu, eyni zamanda ordu quruculuğu prosesinin sürətlə getdiyindən  və yeni yaradılmış komando qüvvələrinin digər silahlı birləşmələr kimi, ölkənin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malik olduğundan xəbər verir. Ordu quruculuğu prosesi cənab Prezidentin tapşırığına müvafiq olaraq planlı şəkildə həyata keçirilir. Kəlbəcər, Laçın və işğaldan azad edilmiş digər rayonlarda da hərbi hissələr yaradılır.

Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri, daxili təhlükəsizlik və qlobal səviyyədə Azərbaycanın müstəqil, həm də güclü mövqeyini göstərmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki antiterror tədbirləri Azərbaycan ordusunun yüksək hərbi hazırlığının və peşəkarlığının nümunəsi idi. Müasir hərbi texnikanın və döyüş taktikalarının tətbiqi ordumuzun düşmənin təhdidlərinə qarşı çevik və effektiv cavab vermək qabiliyyətini artırdı. Bununla yanaşı, əsgər və zabitlərin mənəvi-psixoloji hazırlığı antiterror tədbirinin uğurla nəticələnməsində mühüm rol oynadı. Beləliklə, Azərbaycan terrorizmə, ekstremizmə qarşı mübarizəsini bir daha dünya ictimaiyyətinə göstərdi.

Bu gün respublikamız təhlükəsizlik və müdafiə sahəsində müasir perspektivlərə sahibdir. Ölkənin müdafiəsini artırmaq və regional əməkdaşlığı gücləndirmək əsas vəzifələrdəndir. Həm İkinci Qarabağ müharibəsindəki zəfərimiz, həm də lokal antiterror tədbirləri ölkənin təhlükəsizlik mühitinin təminatına böyük töhfə oldu. Bu sahədə görülən işlər ölkənin təhlükəsizlik strukturlarının həm daxili, həm də xarici təhdidlərə qarşı daha effektiv şəkildə idarə edilə biləcəyini söyləməyə əsas verir.

Silahlı Qüvvələr digər dövlət qurumları və strukturları ilə daha sıx əməkdaşlıq edərək  təhlükəsizlik mühitinin formalaşdırılmasına töhfə verirlər. Silahlı qüvvələrimizin maddi-texniki bazası müasir standartlara cavab verən məhsullarla möhkəmləndirilir. Bu gün müdafiə sənayesinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam edir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycan güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Yaxın gələcəkdə mövcud müdafiə sənayesi istehsalı sahələrinin təkmilləşdirilməsi, istehsal gücünün artırılması, həmçinin istehsalda istifadə olunan müasir texnika və texnologiyaların tətbiqinin daha da inkişaf etdirilməsi planlaşdırılıb.

Bu il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. PUA-lar Akademiyasında yaradılan şəraitlə tanış olan  Ali Baş Komandan hərbi obyektdə müxtəlif tipli PUA-lar üçün uçuş-enmə zolağına gəlib. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra Prezident İlham Əliyev idarəetmə məntəqəsində PUA-nın idarəolunmasını həyata keçirib. Bütün bunlar bir daha ölkə başçısının hərb sənayesinə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Fevralın 19-da isə Prezident İlham Əliyevin Türkiyəyə səfəri baş tutub. Səfər çərçivəsində iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənayesi sahəsində birgə hərbi istehsal da diqqət mərkəzində saxlanılıb. Şübhəsiz bu, müdafiə sənayesi sahəsində birgə əməkdaşlığa önəm verildiyinin göstəricisidir. Dövlətimizin başçısı bildirib ki, müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı müəyyən planlar var: "Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır". Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasına əlverişli şərait yaradacaq.

Son olaraq Azərbaycanda müdafiə sənayesinin inkişafı istiqamətində təqdirəlayiq addımların atıldığını bir daha söyləmək mümkündür. Yaxın gələcəkdə Azərbaycan xarici idxaldan asılılığı azaltmağı hədəfləyir. Bu isə çağdaş dövrümüzdə çox mühüm bir məsələ hesab edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".