Hərbi-siyasi qətiyyətin növbəti zəfəri
Siyasət

Hərbi-siyasi qətiyyətin növbəti zəfəri

Laçın şəhərində, Zabux və Sus kəndlərində bayrağımızın dalğalanması təsdiq etdi ki, Azərbaycan  öz istəklərinə tədricən, mərhələli şəkildə nail olur

"Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır". Bu sözləri 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirmişdir.

Bu gün müstəqil respublikamız tarixinin yaddaqalan günlərindən birini yaşayır. Doğma şəhərimiz, dağ vüqarlı Laçınımız artıq nəzarətimizdədir. Laçın şəhəri, Zabux, Sus kəndləri sakinlərinin yurd həsrətinə son qoyuldu. Bundan sonrakı dönəmdə Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Zabux, Sus və digər kəndlər, dağılmış iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq orada daimi yaşayacaqlar. Bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycanın Dövlət Bayrağı bir daha enməyəcək. Əbədi olaraq! Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, ölkəmizin hərbi qüdrətinin növbəti zəfəridir! Sözsüz ki, bu, Prezident İlham Əliyevin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik" bəyanatının növbəti dəfə həyata vəsiqə qazanmasıdır.

Məlum olduğu kimi, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır".

Artıq Laçın şəhəri, həmçinin Zabux və Sus yaşayış məntəqələri düşmən tapdağında deyil, bu yerlərin Azərbaycan əsgəri tərəfindən qorunması Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin davamıdır. Müzəffər Ali Baş Komandanın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü sayəsində Laçın şəhəri də Ağdam, Kəlbəcər kimi şəhid vermədən düşmən tapdağından xilas edildi. Cəbhədə Azərbaycan əsgərinin qanı, canı hesabına əldə olunan Böyük Qələbənin daha bir tarixi nəticəsi ortadadır.

44 günlük müharibədə Azərbaycan Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də təsdiqidir.

Laçın şəhərinin və digər yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, eyni zamanda 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanatın vaxtından tez icra olunduğunu isbat edir. Bu, məhz Prezident İlham Əliyevin düzgün idarəçiliyi, qəbul etdiyi doğru qərarlar və əldə olunan nəticələrin bir-birini tamamlaması sayəsində mümkünləşdi. Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulmuşdu. Bundan isə Azərbaycanın qələbəsinə sevinməyən bəzi qüvvələr tarixi zəfərimizə kölgə salmaq üçün yararlanmağa cəhdlər edir və bu bəndin icra olunacağına şübhə ilə yanaşırdılar. Amma zaman əksini göstərdi...

Laçının azadlığa qovuşması ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı və sonuncu rayon mərkəzinə də nəzarət bərpa edildi. Laçın rayonu bütövlükdə əsl sahiblərinə qovuşdu. Və Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin etdi. Zaman, tarix və şahidi olduğumuz faktlar sübut edir ki, Ali Baş Komandanımızın xalqa verdiyi bütün vədlər kimi, laçınlıların öz ata-baba yurdlarına qaytarılacağı barədə dedikləri də artıq günün reallığına çevrilmişdir.

Doğma və əzəli yurdumuz Laçının Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və prinsipiallığı, rəşadətli ordumuzun hünəri sayəsində mümkün olmuşdur. Qalib Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı vaxtında və layiqli şəkildə təmin etmək üçün inamlı addımlar atır. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, dini-tarixi abidələrimizin təmir və bərpası, yeni binaların, beynəlxalq hava limanlarının tikintisi, həqiqətən də bu ərazilərdə irimiqyaslı layihələrin icrasına start verildiyini təsdiqləmiş olur. Dövlət başçısının hər dəfə bu ərazilərə səfəri çərçivəsində görülən işlərlə tanışlıq, eləcə də bu ərazilərin dirçəldilməsi məqsədilə yeni obyektlərin təməlinin qoyulması bu ərazilərdə qaynar həyatın tezliklə bərqərar olacağına əminlik yaradır.

Azərbaycanın dilbər guşələrindən və zəngin təbii ehtiyatlara malik rayonlarından olan Laçının Ermənistan tərəfindən işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bundan başqa, işğal nəticəsində rayonda 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirmişir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri isə tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.

İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən mühüm layihələrdən biri də inşa edilən beynəlxalq hava limanlarıdır. Qarabağın hava qapısı hesab olunan Füzuli beynəlxalq aeroportundan sonra Laçında aeroportunun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək turizm potensialının artırılmasına da geniş imkanlar açacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Bu, ölkəmizin həm texniki və maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin güclü siyasi iradəsinin sübutudur.

Prezident İlham Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi, diplomatik bacarığı ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular. Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Çünki Qarabağımızın əsrarəngiz guşəsi olan Laçın uzun illərin həsrətindən sonra doğma övladlarını qarşılayır. Laçınlılar tezliklə burada yenidən qurub-yaradacaq, xoşbəxt, firavan ömür sürəcəklər.

Müşfiq MİRZƏ,

"Respublika".