Həsənqalanın fəxri
Region

Həsənqalanın fəxri

Hərbçi idi. Həqiqi hərbi xidmətini Daxili Qoşunlarda keçmişdi. 2011-ci ildə həqiqi hərbi xidmətini başa vurub bir müddət başqa işlərdə çalışsa da, fikri, xəyalı ancaq hərbidə idi. Odur ki, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Qusarda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə qərar verdi. Aprel döyüşləri başlayanda onu cəbhə zonasına ezam etdilər. Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə iştirak etdi. Burada döyüş təcrübəsi qazandı. Yenidən Qusardakı hərbi hissəyə qayıtdı.

Döyüş taktikasına daha dərindən yiyələnmək üçün “Həmlə” əməliyyat taboruna  yazıldı. Nümunəvi xidmət etdiyinə görə onu Müşfiqabadda yerləşən hərbi  korpusda saxladılar. İki ildən çox korpusda xidmət etdi. Qısa müddət ərzində  mənzillə təmin olundu. Lakin Qusarın Həsənqala kəndində yaşayan ata-anasını tək qoymaq istəmədi. Ailənin yeganə oğul övladı olduğu üçün qayıdıb yenidən doğma rayonuna, əvvəlki iş yerinə,  “N” saylı hərbi hissəyə qayıtdı.

Sentyabrın 27-də Vətən müharibəsi başladı. Elə həmin gün Orxan da döyüş  zonasına göndərildi. Burada həm manqa, həm də BTR komandiri – tuşlayıcı kimi düşmənlə vuruşdu. Füzuli uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi manqanın əsas vəzifəsi düşmənin müdafiəsini yarmaq, digər ordu qüvvələrinin irəliləməsi üçün yol açmaq idi. O, döyüş yoldaşları ilə bu çətin işin öhdəsindən məharətlə gələrək düşmənin illərlə tikdiyi güclü istehkamların dağıdılıb məhv edilməsində xüsusi igidlik göstərdi. Əsgər yoldaşlarını göz bəbəyi kimi qoruyan Orxan oktyabrın 4-də namərd düşmən gülləsinə tuş gəldi. Şiddətli  döyüşlərdə ağır yaralandı. Yoldaşları çox çətinliklə də olsa onu döyüş maşınında yerləşdirdilər. Burada ona ilkin tibbi yardım göstərildi. Lakin oktyabrın 4-dən 5-nə keçən gecə düşmənin atdığı mərmi həmin maşının üzərinə düşdü. İçəridə olanlar yaralandı. Orxan isə başından aldığı güllə qəlpəsindən dünyasını dəyişdi. Torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid  olan Orxan İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ondan əvvəl isə o, göstərdiyi  nümunəvi hərbi xidmətə görə “Silahlı qüvvələrin 100 illiyi” medalı ilə təltif olunmuşdu.

Rayon ictimaiyyəti  nümayəndələri, kənd sakinləri, oxuduğu kənd orta məktəbinin müəllim kollektivi, orta məktəb və döyüş yoldaşları, şəhidin ailə üzvləri və yaxınları Orxan İsmayılovun vəfatının ildönümünə həsr olunmuş xatirə gününə yığışmışdılar. Mərasim iştirakçıları şəhidin uyuduğu kənd qəbiristanlığına gələrək  onun məzarını böyük ehtiramla yad etdilər. Məzarının üzərinə gül-çiçək dəstələri, əklillər düzdülər. Şəhidin valideynlərinə, ailə üzvlərinə bir daha başsağlığı verdilər.

Kəndin mərkəzində açılan “Şəhidlər bulağı”ının açılışına da böyükdən-kiçiyə kənd camaatı, ətraf kəndlərin sakinləri, ictimaiyyət nümayəndələri yığışmışdı.  Bulağın açılışında çıxış edənlər Orxan İsmayılovun keçdiyi qısa, lakin şərəfli ömür yolundan qürurla söhbət açdılar. Qeyd olundu ki, Orxan öz qəhrəmanlığı və igidliyi ilə gələcək nəsillərə bir nümunədir. Onun xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. İndi bütün kənd onunla fəxr edir.

Orxan ailəli idi, iki övlad (bir oğlan, bir qız) əmanət qoyub getdi.  Atası Qədim kişi deyir ki, oğlunun doğulması onun müharibəyə yollanması ilə eyni vaxta təsadüf etdi. Cəmi bircə dəfə o, oğlunun üzünü gördü. Uşağın adını da özü qoydu. Balaca Seyidin ötən ay bir yaşı tamam oldu.

            Ziyafəddin BAYRAMOV,

        “Respublika”.