Həyatın bəzəyi, sevinci, gələcəyi
Region

Həyatın bəzəyi, sevinci, gələcəyi

Dahilərdən biri söyləyib ki, dünyada uşaq qığıltısından təntənəli himn yoxdur. Körpə gülüşü, körpə təbəssümü Günəşə bənzəyir, könüllərə hərarət, sevinc, fərəh bəxş edir.

Həyatın və gələcəyin taleyi həm də uşaqlarla bağlıdır. Sağlam və savadlı uşaqlar yetişdirmək həm ailələrin, həm də cəmiyyətin üzərinə mühüm vəzifələr qoyur. Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşəbbüsü ilə Ağcabədi rayonunda III Qarabağ Regional Uşaq Forumu keçirilib.

Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində keçirilən III Qarabağ Regional Uşaq Forumu başqa bir ab-havada, Qələbə, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə baş tutub. Forumda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, həssas təbəqədən olan, xüsusilə də keçmiş məcburi köçkün, şəhid və qazi ailələrinin övladlarının iştirakına xüsusi önəm verilib. Əvvəlcə foyedə təşkil edilmiş sərgiyə baxış keçirilib, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsinin hazırladığı uşaq hüquqlarından bəhs edən səhnəcik nümayiş olunub.

Forumun rəsmi hissəsində Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayaraq Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Tədbirin rəsmi hissəsindən sonra Uşaq İncəsənət Məktəbinin, Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər 1, 5, 11 saylı tam orta məktəblərin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında rəqs və musiqi çələngi, "Mən və mənim hüquqlarım" maarifləndirici kompozisiyası nümayiş etdirilib.

Salman ALIOĞLU,

"Respublika".