Heydər Əliyev adına Mərkəz
Mədəniyyət

Heydər Əliyev adına Mərkəz

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olan “Heydər Əliyev Mərkəzi” haqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

 

Bakı şəhərində, Heydər Əliyev prospektində ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük bir kompleksdən ibarət Mərkəz inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamı əsasında yaradılan mərkəzin 10 sentyabr 2007-ci ildə 16 hektara yaxın ərazidə təməli qoyulmuşdur. Mərkəzin layihəsi 2007-ci ildə İraq əsilli britaniyalı, dekonstruktivist memar, 2004-cü ildə Hədid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın memar Zaha Hadid tərəfindən işlənmişdir. Kompleksin zirvəsi 74,1 metr olmaqla, 13,58 hektar əraziyə malik park, ərazisində 2 dekorativ hovuz, süni göl və yeraltı avtomobil dayanacağı daxildir. Heydər Əliyevin 89-cu doğum günü münasibətilə 10 may 2012-ci ildə Mərkəzin açılışı olmuşdur.

Müasir Bakının simvollarından biri hesab edilən Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Qeyd edək ki, loqonun gümüşü rəngi liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir. Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir. Heydər Əliyev Mərkəzi xalq arasında "İmza Sarayı" adı ilə də tanınır. Fasaddan baxdıqda ulu öndər Heydər Əliyevin imzasını asanlıqla gördüyümüz bu sənət əsərinə müxtəlif tərəflərdən baxdıqda görünüş də dəyişir. Əsasən uca zirvəli qarlı dağlar, aysberq, dəniz dalğası, göydə süzən ağ göyərçin və İslamın rəmzlərindən olan ağ çarşablı qadının təsvirlərini görmək mümkündür.

Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Binanın doqquzmərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dördmərtəbəli "Auditorium" hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada, həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilmiş və 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı məşhur memar Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib.

"Respublika".