“HEYDƏR ƏLİYEV İLİ
Ekologiya

“HEYDƏR ƏLİYEV İLİ" ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI

Gəncə şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Şəhər icra hakimiyyətin təşəbbüsü, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının (DİİXİHİ) Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.    

"Heydər Əliyev İli" çərçivəsində ulu öndərin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Həmkarlar İttifaqının üzvləri, Vətən müharibəsi iştirakçıları və YAP Gəncə Şəhər Təşkilatının könüllüləri iştirak ediblər.

Aksiya iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Ağacəkmə aksiyasını yüksək mütəşəkkilliklə başa vurmaq   məqsədilə əvvəlcədən parkda yeni ağaclar əkiləcək ərazidə təmizlik və səliqə-sahman işləri aparılıb, sahə əkin üçün hazırlanıb. Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün şəhərin landşaftına uyğun, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan  100 ədəd Eldar şamı əkilib.

Əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ərazidə abadlıq və səliqə-sahman işləri aparılaraq  digər ağacların da dibləri yumşaldılıb.

DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına həmişə  xüsusi əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Dahi rəhbərin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva qeyd edib ki, "Heydər Əliyev İli"nin mütəşəkkilliklə başa çatdırılması üçün DİİXİHİ-nin rəhbərliyi tərəfindən silsilə tədbirlər planı işlənib hazırlanmış və qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi yubiley ilinə həmkarlar ittifaqının sanballı töhfəsi olacaqdır.

Fərid TANRIVERDİYEV,

Gəncə.