Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub
Türk dünyası

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

AZƏRTAC xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların başlamasından keçən 14 gün ərzində Azərbaycan hər cür dəstəyini verib. İlk andan etibarən dəstəyini ürəkdən hiss etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən səfir deyib: “Azərbaycan iyulun 31-dən etibarən dəstək göndərməyə başladı. Hazırda 750 qardaşımız yanğınların söndürülməsinə cəlb olunub. Qardaşlarımız 14 gündür gecə-gündüz yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Sağ-salamat ailələrinin, sevdiklərinin yanına gəlmələrini arzulayıram”.

“Yanğınların 14-cü günündən dövlət başçısının  tapşırığı ilə Türkiyənin dövlət bayrağı Heydər Əliyev Mərkəzinin üzərində dalğalanmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Bir daha təşəkkür edirəm. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Qülləsində, Ankarada Ataqüllədə və Türkiyənin bir çox meydanında  dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz”, - deyən C.Bağcı buna görə də hər bir azərbaycanlıya ürəkdən təşəkkür edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Həm xoş, həm kədərli, həm də çətin günlərdə bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaşlarımız bizə mənəvi, siyasi dəstək verdi, hər an bizim yanımızda oldular. Türkiyə Parlamentinin dostluq qrupu daim bura səfər etdilər, haqq davamızda bizi dəstəklədilər. Azərbaycan da Türkiyəni üzləşdiyi bu çətin gündə tək qoymadı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün köməyə gediblər. Azərbaycanın xilasetmə qüvvələri yanğınla mübarizədə fədakarlıq nümayiş etdirdilər. Sevindirici haldır ki, yanğınların qarşısı alınmaq üzrədir. Bu gün Türkiyə Cümhuriyyətinin bayrağının Heydər Əliyev Mərkəzində işıqlandırılması çox böyük bir rəmzi məna daşıyır. Türk qardaşlarımıza keçmiş olsun deyir, Uca Yaradandan belə çətin günlərin bir daha təkrarlanmamasını arzulayırıq”.

AZƏRTAC