Heydər Əliyev şəxsiyyətinə sonsuz ehtiram
Siyasət

Heydər Əliyev şəxsiyyətinə sonsuz ehtiram

Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında sentyabrın 29-da imzaladığı Sərəncam müstəqil respublikamızın tarixində əlamətdar hadisələrdən birinə çevrildi. Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Bildirilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci və ikinci dövrünün canlı şahidi olaraq Sərəncamı xalqımızın arzu və istəyinin real təcəssümü kimi yüksək qiymətləndirir və ölkəmizin inkişafında ulu öndərin fəaliyyətinin əvəzsiz olduğunu bildirirəm. Belə ki, 1969-cu ildən başlayaraq respublikamızın bütün sahələr üzrə inkişafı Heydər Əliyevin müdrik siyasəti, qətiyyətli və uzaqgörən rəhbərliyi, xalqın rifah halının durmadan yaxşılaşmasına və ölkənin dinamik inkişafına istiqamətlənən böyük xidmətləri sayəsində reallığa çevrilib.

Respublikaya rəhbərliyinin bütün dövründə ümummilli liderin məqsədyönlü fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etməkdən ibarət olmuşdur. Bir həkim və səhiyyə ocağına rəhbərlik edən bir şəxs kimi ulu öndərin rəhbərliyi ilə tibb sahəsində aparılan məqsədyönlü islahatlara toxunmaq istərdim.

Ulu öndər 1970-ci illərdən başlayaraq elm, təhsil və səhiyyə sistemlərinin də hərtərəfli inkişafı üçün dövlət səviyyəsində böyük işlər görüb. Həmin dövrdə ilk olaraq tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməklə onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, tibb elmi, tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alim müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul olunmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir.

Ümummilli lider Heydər Əliyev bütün zəngin və mənalı ömrünü Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. O, müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirmişdir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilib. Həmin maddədə deyilir: "Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".

Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıb. Dövlət başçısının məqsəd və vəzifələri sırasında əhalinin həyat səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması, insanların layiqli həyat tərzinin təmin edilməsi və sağlamlıqlarının qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının doğma vətənimizin, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı dəyişikliklər onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də səhiyyə sahəsində uğurlu addımlar atılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə mərhələli şəkildə həyata keçirilən icbari tibbi sığorta artıq bütün ölkə üzrə tətbiq olunur.

İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana yenidən tikilib və ya əsaslı şəkildə təmir edilib. Ölkəmizin səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, ən yüksək standartlara cavab verir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır.

Kollektivimizin çalışdığı səhiyyə ocağında da tibbi xidmətin yüksək səviyyədə təşkili üçün böyük işlər görülüb və 2014-cü ildə həyata keçirilən proqramlar müsbət nəticəsini verir.

TƏBİB-in tabeliyindəki müəssisə olaraq İsmayıllı RMX-sı PHŞ-də 2020-ci il tarixindən əhaliyə icbari tibbi sığorta ilə Xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstərilməyə başlanılıb. İcbari tibbi sığortanın tətbiqindən sonra RMX-da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksəlməklə həm də bütün kateqoriyalı əhali üçün əlçatan olub.

Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında imzaladığı Sərəncam ulu öndərin şəxsiyyətinə və fəaliyyətinə verilən sonsuz ehtiram kimi yüksək qiymətləndirilməlidir.

Vidadi RƏHİMOV,

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktoru.