Heydər Əliyev tərəfindən təməli qoyulan  uğurlu strategiya
Digər xəbərlər

Heydər Əliyev tərəfindən təməli qoyulan  uğurlu strategiya

Ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” kəlamını 44 günlük Vətən müharibəsində gənclərimiz fədakarlıqları, vətənpərvərlikləri ilə sübuta yetirdilər. Ölkəmizdə gənclər siyasətinin məqsədi gənclərin təhsil, demokratiya, insan hüquqları və qanunun aliliyi dəyərlərinə dəstək verən strategiya olaraq gənclərə insan hüquqlarını müdafiə edən və demokratik həyatda fəal və məsuliyyətli Azərbaycan vətəndaşları olmağa imkan verməkdir. Bu gün Azərbaycan gəncliyi  cəmiyyətə inteqrasiya etməyə, həm vətəndaş cəmiyyətində, həm də əmək bazarında fəal rol oynamağa qadirdir. Gənclərə bu imkanların yaradılmasının əsasını ulu öndər Heydər Əliyev qoymuş və Prezident İlham Əliyev tərəfindən ölkə gəncləri üçün yaxşı yaşayış imkanlarının təmin edilməsi istiqamətində uğurla siyasət həyata keçirilir. 

Azərbaycan cəmiyyətində hökumətin gənclərə olan münasibəti Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin müsahibə və çıxışlarında bir daha öz əksini tapdı. Davos görüşündə moderatorun “…Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?” sualına Prezident İlham Əliyevin əsaslandırılmış: “Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edir. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük”--cavabı Azərbaycanda gənclər siyasətinin mahiyyətinin bir daha cəmiyyətə açıqlanması, dəyərləndirilməsidir.  Əgər tarixin səhifələrini vərəqləyib ötən əsrin 90-cı illərinin əvvəllərinə qayıtsaq  dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin dəyişməsi fonunda gənclər qarşısında duran problemlər və onların həlli yollarının da dəyişdiyini görəcəyik.

Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları və məqsədyönlü fəaliyyəti ilə təsdiq edir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir.  Ölkə başçısının "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamı dövlətimiz tərəfindən gənclərə göstərilən  diqqətin nümunəsidir.

 Bu gün Azərbaycan gənci  yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malikdir və  gənc nəslin ölkənin ictimai-siyasi həyatında rolu gündən-günə artır.

Tural QASIMLI,

 YAP Şamaxı rayon təşkilatının sədri.