Siyasət

"Heydər Əliyev və "Yeni Azərbaycan" mövzusunda konfrans

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Yeni Azərbaycan" mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş "Heydər Əliyev İli" çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ulu Öndərin adı ilə bağlı olan və hazırda Onun siyasi varisi cənab İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır: "Cari ilin ötən dövrü ərzində həyata keçirdiyimiz tədbirlər Heydər Əliyev irsinin və ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər. İnkaredilməz reallıqdır ki, müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradan Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan dövlətinin siyasi-ideoloji sütunu, xalqımızın isə tükənməz mənəvi-siyasi sərvətidir. Çünki Azərbaycanın yeni və müasir dövlətçilik tarixinin müxtəlif mərhələlərini - həm SSRİ, həm də müstəqillik dövrünü əhatə edən dönəmləri Heydər Əliyev siyasətinin xalqımızın və dövlətimizin taleyində hansı tarixi əhəmiyyətə malik olduğunu, Ulu Öndərin xidmətlərinin misilsizliyini əks etdirir. Müdrik dövlət xadimi Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olmaqla gələcək müstəqilliyin əsaslarını formalaşdırmışdır. Olduqca mürəkkəb şəraitdə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi isə bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın firavanlığı naminə məqsədyönlü işlər görmüşdür. Müstəqillik illərində isə Ulu Öndərin zamanın çağırışlarına, milli-mənəvi dəyərlərə və dövlətçilik maraqlarına əsaslanan fəaliyyətini iki fərqli tarixi mərhələdə ayrıca dəyərləndirmək lazımdır. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq dirçəlişinə nail olmuşdur. Bu mərhələdə Onun liderliyi və xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə yeni və müstəqil Azərbaycan quruculuğunun əsaslarını formalaşdırmışdır. Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini - 1993-2003-cü illəri əhatə edən dövr real dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması ilə əlamətdardır. Bu mərhələyə nəzər yetirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qeyd etmişdir: "1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi". Əlbəttə, Heydər Əliyevin həmin dövrdə Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtarması, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını alması, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakını təmin etməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi olmuşdur. Bütün bu faktlar təsdiqləyir ki, Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olmuş, xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmışdır".

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirmişdir: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir". Ona görə də haqlı və birmənalı olaraq qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə bir daha qətiyyətli dəstək verərək cənab İlham Əliyevə etimad göstərmiş, Ümummilli Liderin müəyyənləşdirdiyi yolun alternativsizliyini inamla ifadə etmişdir. Bu gün qürur və iftixarla qeyd edirik ki, zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirmiş, Heydər Əliyevin arzuları reallığa çevrilmişdir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi ilə müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlanmış, ardıcıl nailiyyətlərə imza atılmış, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sabitlik və sürətli inkişaf yoluna çıxarmış, məhz bu siyasət nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan Qələbə zirvəsinə yüksəlmişdir. Bir sözlə, Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsidir".

Tahir Budaqov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca "Heydər Əliyev İli"ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir: "Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi də çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır".

"Bu gün tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana parlaq nailiyyətlər qazandırır, milli qüdrətimiz günbəgün artır. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur". Bütün bu nailiyyətlər və qürurverici reallıqlar təsdiqləyir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiqdir və sözü imzası qədər dəyərlidir", - deyən YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib ki, Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirmişdir.

Tahir Budaqov söyləyib ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Azərbaycan gəncliyi də bu gün Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rola malikdir: "Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə edən gənclərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfə kimi yüksək qiymətə layiqdir. Bilirsiniz ki, mütərəqqi baxışlara, zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev hər zaman tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun siyasət həyata keçirməklə gənclərin inkişafına da xüsusi önəm vermişdir. O, intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə böyük diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə bugünkü - müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaratmışdır. Ona görə də Azərbaycan gəncliyinin Heydər Əliyev siyasətinə sadiq - qəlbən bağlı olması ilə yanaşı, Ulu Öndərin ideyalarının öyrənilməsi və təşviqində yüksək fəallıq nümayiş etdirmələri böyük önəmə malikdir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, "müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir". Təbii ki, milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik bu işdə gənclərin də üzərinə mühüm vəzifələr və böyük məsuliyyət düşür".

"Şübhə yoxdur ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri də yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan gəncliyi də öz töhfələrini verəcəkdir. Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayır, konfransın Ulu Öndərin ideyalarının təşviqi baxımından faydalı olacağına inamımı ifadə etmək istəyirəm", - deyə Tahir Budaqov vurğulayıb.

Tədbirdə həmçinin elm və təhsil naziri Emin Əmrullayev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, "Heydər Əliyev siyasi məktəbi" layihəsinin iştirakçısı Nuranə Hüseynzadə və digər şəxslər çıxış etdilər.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı "Heydər Əliyev və Yeni Azərbaycan" adlı film nümayiş olunub.

Xaqani KOSAYEV,

“Respublika”.