Heydər ƏLİYEV: Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
MÜSAHİBƏLƏR

Heydər ƏLİYEV: Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Heydər Əliyev:  Yeni Azərbaycan Partiyası Sədrinin müavini — Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun müsahibəsi *

–Tahir müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü tamam olur. YAP-ın yaranmasının əhəmiyyəti, partiyanın Azərbaycanın zəngin dövlətçilik tarixində yeri və rolu barədə nə deyə bilərsiniz? Yeni Azərbaycan Partiyası hansı zərurətdən yarandı və partiyanın 30 il ərzində keçdiyi yolu necə xarakterizə etmək olar?

–Hər bir xalqın siyasi taleyini və müqəddəratını müəyyən edən çox mühüm amillər, həlledici məqamlar vardır. Zəngin dövlətçilik tarixinə malik, azadlıq, istiqlal və müstəqillik ideyaları uğrunda şərəfli mübarizə nümunəsi yaradan, milli-mənəvi dəyərlərə sadiqliyi ilə fərqlənən, eyni zamanda bəşəri dəyərlərə də hörmətlə yanaşan Azərbaycan xalqı bu baxımdan istisna deyil.

Təbii ki, tarixi ədalətin bərpasına müvəffəq olaraq çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın hazırkı inkişaf mərhələsinə çatması, tərəqqi və qələbə zirvəsinə yüksəlməsi asan olmayıb. Bugünkü gerçəkliklər, müasir, müstəqil, qalib və qüdrətli Azərbaycan reallığı xalqımızın liderlərinin - ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlara uyğun uğurlu siyasəti nəticəsində mümkün olmuşdur.

1988-ci ildən başlayaraq, xüsusilə də 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra formalaşan ictimai-siyasi mənzərəni yaxşı xatırlayırıq. İctimai etimadsızlıq, siyasi xaos, ideoloji boşluq, iqtisadi tənəzzül, regionda təcrid vəziyyəti, torpaqlarımızın ard-arda Ermənistan tərəfindən işğal edilməsi və bir sıra digər mənfi hallar ölkəmizin düşdüyü vəziyyəti əks etdirən acı reallıqlar idi. Belə bir situasiyada tarixi-siyasi və milli məsuliyyəti öz üzərinə götürə biləcək liderin qətiyyətli siyasəti, xalqın təşkilatlanması və xalq-iqtidar birliyi sayəsində böhrandan qurtulmaq, sabitlik və inkişaf yoluna çıxmaq mümkün  idi. İnam və etimad ünvanı isə bəlli idi. Xalq o zamana qədər respublikanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına yönəlik misilsiz xidmətlər göstərmiş, möhtəşəm nailiyyətlərə imza atmış Heydər Əliyevə inanır, güvənirdi və yalnız onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla biləcəyinə, bir dövlət kimi gələcəyini qura biləcəyinə əmin idi.

1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi də məhz bu inam və əminlikdən irəli gəlirdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməklə taleyüklü məqamda növbəti dəfə həyatını belə təhlükəyə ataraq Azərbaycan naminə siyasi məsuliyyəti öz üzərinə götürdü. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Heydər Əliyevin Partiyanın Sədri seçilməsi Azərbaycanın gələcək taleyini, perspektivlərini müəyyənləşdirən fövqəladə və əlamətdar hadisə oldu. Bu, nəinki müstəqillik, eyni zamanda, dövlətçilik tariximizin həlledici anlarından, dönüş nöqtələrindən idi.

Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Heydər Əliyev həmin məktubda qeyd etmişdir ki, "belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Bəli, güclü və müdrik Lider ətrafında yaranmış Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın dəstəyi ilə lider partiyaya çevrildi, ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq imicinin müsbətə doğru formalaşdırılması istiqamətində mühüm işlər gördü. Ulu öndərin yüksək nüfuzu və sarsılmaz iradəsi, zəngin idarəçilik təcrübəsi, xalqın ona sonsuz inamı və davamlı dəstəyi, milli mənafeyə və dövrün çağırışlarına uyğun qətiyyətli siyasəti Yeni Azərbaycan Partiyasının ardıcıl nailiyyətlər qazanmasını, yeni, müstəqil və müasir Azərbaycan quruculuğunu təmin etdi. Ən əsası, Yeni Azərbaycan Partiyası xalqın iradəsinə uyğun səmərəli və nümunəvi fəaliyyəti ilə yeni dəyərlər formalaşdırdı, siyasi mübarizənin sivil forma və qaydalarını müəyyənləşdirdi, bununla da ölkəmizdə ictimai-siyasi sistemin təşəkkülü baş tutdu.

–Yeri gəlmişkən, xalqın dəstəyi və etimadı əsasında bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi. Önəmli və diqqətçəkən məqamlardan biri partiyanın hər qələbədən sonra daha da güclənməsi, daim irəliyə getməsidir...

–Tamamilə doğrudur, partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də yüksək nüfuza və zəngin təcrübəyə malik olan partiyamızın tarixi sınaqlardan uğurla çıxaraq şərəfli yol keçdiyini vurğulayaraq qeyd etmişdir ki,  "Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir".

Ulu öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası 30 il ərzində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına müstəsna töhfələr vermişdir. Sıralarında cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli, möhkəm əqidəli və vətənpərvər insanları birləşdirən Yeni Azərbaycan Partiyasına göstərilən yüksək ictimai etimad onun ümumxalq və qələbələr partiyasına çevrilməsini şərtləndirmişdir. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbə qazanaraq siyasi həyatda və ictimai rəydə lider partiya olduğunu sübuta yetirmişdir.

Partiyamızın hər qələbədən sonra daha da güclənməsi, daim irəliyə getməsi məsələsinə gəlincə, bəli, tamamilə doğrudur, Heydər Əliyev ideyaları əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə mütəmadi uğurlar qazanan Yeni Azərbaycan Partiyası inkişaf yolunda əmin addımlarla irəliləyir, hər siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini, cəmiyyətdə mövqeyini möhkəmləndirir. Partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsi isə bu prosesə mühüm töhfədir.

Bu kontekstdə xüsusi vurğulamaq istəyirəm ki, partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Yaxşı xatırlayırıq, ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər", - deyə bildirmişdi. Zaman ümummilli liderin inamının və xalqın etimadının özünü doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra ölkəmizin və partiyamızın həyatında yeni mərhələ başlandı, yeni tarixi nailiyyətlərə imza atıldı, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan qalib ölkəyə, Yeni Azərbaycan Partiyası isə qalib xalqın Zəfər partiyasına çevrildi. 

Daha bir önəmli məqama diqqəti yönəltmək istəyirəm. Belə ki, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini seçilməsi, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamızın və dövlətimizin daha da güclənməsinə təkan verən çox önəmli hadisələrdir. Mehriban xanım Əliyevanın gördüyü işlər dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi, Azərbaycanın və Yeni Azərbaycan Partiyasının müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

–Tahir müəllim, YAP-ın VII Qurultayına toxundunuz. Qurultayın ölkənin və partiyanın həyatında önəmi nədən ibarətdir? VII Qurultaydan sonra görülən işlər və qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?

–Əvvəla qeyd edim ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsidir. Bilirsiniz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanmasından sonra istər ölkədə, istərsə də bütövlükdə regionda yeni reallıqlar yaranıb, yeni çağırışlar meydana çıxıb. Postmüharibə dövrünün gerçəkliklərinə müvafiq olaraq müxtəlif sahələri əhatə edən islahatların aparılması, dayanıqlı iqtisadi inkişafın təmin olunması, siyasi birliyin və milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsi, tarixi Qələbənin nəticələrinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi və digər milli məqsədlər yeni mərhələdə strateji prioritetlər kimi müəyyənləşdirilib. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə xüsusi məsuliyyət və mühüm vəzifələr düşür. Partiyamızın VII Qurultayı bu baxımdan əlamətdar və əhəmiyyətlidir.

VII Qurultayda qəbul edilən qərarların icrası istiqamətində görülən işlər həm partiyamızın, həm də ümumilikdə ölkənin siyasi sisteminin inkişafı kontekstində olduqca önəmlidir. Bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, ölkədə və beynəlxalq aləmdə baş verən dəyişikliklərə adekvat səmərəli və çevik fəaliyyət mexanizminin formalaşdırılması üçün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinin və Proqramının qəbul edilməsi xüsusi önəm daşıyır. Digər tərəfdən, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi idarəetmə mexanizminin təkmilləşdirilməsinə xidmət edən mühüm addımlardır.

Qeyd edim ki, partiyanın İdarə Heyətinin iclaslarında istər partiyadaxili məsələlərin tənzimlənməsi, istərsə də YAP-ın ictimai-siyasi proseslərdə iştirakı, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar önəmli qərarlar qəbul edilib. Təşkilatlanma, kadr və struktur dəyişiklikləri, partiyanın normativ-hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi kimi istiqamətlərdə məqsədyönlü tədbirlər görülüb və bu sahədə işlər davam etdirilir. Siyasi-ideoloji və təşkilati məsələlərlə əlaqədar fəaliyyətimiz davamlı və planlı xarakter daşıyır.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, müxtəlif ölkələrin hakim siyasi partiyaları ilə münasibətlərin inkişaf etdirilməsi də daim diqqət mərkəzindədir.  Dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər çərçivəsində intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır. Səfərlər və görüşlər zamanı partiyalararası əməkdaşlıq məsələləri müzakirə olunur, yeni mərhələdə qarşıda duran vəzifələr və hədəflər müəyyənləşdirilir, əlaqələrin möhkəmləndirilməsinə və inkişafına yönəlik müvafiq addımlar atılır. Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını isə xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Ötən il iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanması, bununla da gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional bazanın formalaşdırılması, qarşılıqlı səfərlərin, hər iki partiyanın birgə təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirilməsi və digər mühüm addımlar xüsusi qeyd edilməlidir.

Bu gün Yeni Azərbaycan Partiyası səmərəli fəaliyyəti, ardıcıl nailiyyətləri ilə ictimai-siyasi dayaqlarını gücləndirir, yeni Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdırır. Heydər Əliyev ideyalarını mənimsəmiş, Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək göstərən Azərbaycan gəncliyinin Yeni Azərbaycan Partiyasına davamlı axını, partiya sıralarında fəal təmsil olunması isə bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu gün partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Bu isə Heydər Əliyevin ideyaları əsasında zəngin siyasi irs üzərində yüksələn Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu bir daha təsdiqləyir.  

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ona görə də partiyamızın 30 illik şərəfli və zəngin inkişaf yolunun öyrənilməsi, təbliğ edilməsi müstəsna əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Azərbaycanın siyasi sisteminin inkişaf qanunauyğunluqlarının, ümumxalq sərvətimiz olan Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin alternativsiz siyasətinin əsaslarının dərindən öyrənilməsi baxımından olduqca önəmlidir. YAP-ın yaradılmasının 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun həyata keçirilən siyasi-ideoloji məzmunlu tədbirlər bu baxımdan böyük əhəmiyyət daşıyır.

Həyata keçirilən tədbirlər rəngarəngdir, müxtəlif sahələri və məsələləri əhatə edir, ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin milli maraqlara və müasir çağırışlara əsaslanan siyasətinin təbliğ edilməsi, qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının inkişaf yoluna bir daha nəzər salınması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna önəm kəsb edir.

Heç şübhəsiz, 30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcəkdir.          

* Müsahibə "Milli Məclis" jurnalının 2022-ci ilin oktyabr sayında dərc edilmişdir.