HEYDƏR ƏLİYEVƏ XALQIN BÖYÜK DƏSTƏYİ VƏ İNAMI
Siyasət

HEYDƏR ƏLİYEVƏ XALQIN BÖYÜK DƏSTƏYİ VƏ İNAMI

Bu dəstək və Ulu öndərin müdrikliyi sayəsində 30 sentyabr 1994-cü ildə törədilən ağır cinayət

Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıda bilmədi A zərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev demişdir ki, dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır. Təsadüfi deyil ki, ulu öndər xalqın böyük dəstəyi ilə Surət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi ki, əsl Lider xalqın dəstəyinə arxalanan dövlət başçısıdır.

Biz, orta və yaşlı nəsil 1993-1995-ci illərdə Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı xatırlayırıq, gənc nəsil isə bu haqda yalnız kütləvi informasiya vasitələrindən xəbər ala bilir.

 Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ilin 20 sentyabrından dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış xain çevriliş cəhdi, hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi. Belə ki, 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə isə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 30-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Azərbaycan Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Həmin tarixdə Baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən "OMON"çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir. Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayır. Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür.

Belə bir mürəkkəb, Azərbaycan dövlətçiliyi üçün ağır və məsuliyyətli şəraitdə Heydər Əliyev olduqca müdrik və cəsarətli addım atdı. Ulu öndər dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın iradəsi, milli birliyi və Liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz.

Burada bir mühüm məsələyə diqqət etmək lazımdır. 1993-cü ilin iyun ayında üsyançı polkovnikin - Surət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat cütlüyünün başbilənləri həmin çətin günlərdə yenə də öz çirkin xislətlərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxan və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, üsyançıların yan-yörəsində yer aldılar. Elə bunun nəticəsidir ki, bu gün də özünü müxalifət hesab edən həmin ünsürlər neçə ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmirlər.

Emin QASIMOV,

"Respublika".