Heydər Əliyevin azərbaycançılıq ideologiyası
SİYASƏT

Heydər Əliyevin azərbaycançılıq ideologiyası

Xalqımız milli müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesləri, respublika daxilində sabitliyin yaradılması prosesi, ölkənin dünya birliyinə inteqrasiya olunması - bütün bunlar sosial-iqtisadi yeniləşmə və sosial-mədəni dəyərlərə marağın artmasının göstəricisidir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə kinci dəfə ölkədə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində gedən böyük tərəqqi prosesləri Azərbaycan Respublikasının dünya birliyində tanınmasına güclü təkan vermiş oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda milli inkişaf strategiyasını hazırlayarkən Azərbaycanda milli təfəkkürün mənfi təhriflərinin aradan qaldırılmasının zəruriliyini nəzərə alaraq onu mürəkkəb sosial-psixoloji proses kimi qiymətləndirmişdir.

Heydər Əliyev bəşər tarixində özünəməxsus idarəçilik üslubuna malik ən böyük şəxsiyyətlərdən biri olmaqla yanaşı, konkret şəraitdə dövlətin formalaşmasına bilavasitə rəhbərlik etmişdir. Müasir Azərbaycan dövləti məhz Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyev dühasının hüdudları təkcə Azərbaycanla məhdudlaşmır. O, bütövlükdə Şərq dünyasında yeni dövlət tipologiyasının əsasını qoydu. Qərb dünyasında xüsusi mülkiyyətə əsaslanan cəmiyyətlərdə bazar iqtisadiyyatına iqtisadi münasibətlərinə uyğun siyasi-hüquqi formaların yaranması, hüquqi, demokratik dövlət quruculuğu təbiidir. Lakin ənənəvi Şərq ölkəsində, xüsusən də sosializm dövründə dərin kök salmış, ictimai şüur və mentalitetə təsirsiz ötüşməyən kommunist ideologiyasının rədd edilməsi şəraitində müasir dövlət qurmaq çətin idi. Şübhəsiz ki, bunun üçün yeni konseptual baxış, dövlət ideologiyası, fəaliyyət strategiyası lazım idi. Təsadüfi deyil ki, Heydər Əliyev azərbaycançılığı və dövləti milli ideologiyanın iki ən mühüm cəhəti, müəyyən mənada bir medalın iki üzü hesab edir. Bu səbəbdən də Heydər Əliyev Azərbaycanda təkcə dildən, milli-mənəvi dəyərlərdən deyil, ümumən dövlətdən, dövlət quruculuğundan danışarkən azərbaycançılıq ideologiyasını ön plana çəkirdi.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində Azərbaycan dövlətinin siyasətini səciyyələndirərək bu siyasətin prioritet istiqamətini diqqətə çatdırdı: "Azərbaycançılıq dövlətin əsas ideyasıdır. Hər bir azərbaycanlı öz milli mənliyi ilə fəxr etməli, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik". Bu gün azərbaycançılıq milli həyatın harmoniyasının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnik qruplar arasında çoxəsrlik qardaşlıq münasibətlərinin və qarşılıqlı fəaliyyət ənənələrinin, onların ümumi taleyi və bütövlüyü, gələcək inkişafı uğrunda birgə mübarizənin ümumi tarixi təcrübəsidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq ideologiyasının parlaq daşıyıcısı kimi o, öz müdrik strategiyası, sarsılmaz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Ulu öndər qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, xalqın adət-ənənələri ilə yanaşı, dövlətin bugünü və gələcəyi ilə də bağlı olmalıdır. Azərbaycanda müasir demokratik hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin genişmiqyaslı inkişafı Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Ana dilimizin dövlət dili kimi işlənməsində, imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi qiymətləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.

Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin dünyada tolerant və tolerantlıq məkanı kimi tanınmasına nail olmuşdur. Onun xarici səfərləri, siyasi, ictimai, din xadimləri ilə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət etmişdir. Azərbaycan mədəniyyətinin, zəngin tarixi irsimizin dünya ictimaiyyətinə təqdim olunması Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində tarixi Vətəni ilə sıx əlaqə nümayiş etdirən Azərbaycan diasporu formalaşıb və inkişaf edib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasını özlərinə Vətən hesab etmələri, onu milli ruhun, milli-mənəvi dəyərlərin və milli mədəniyyətin məbədi kimi qəbul etmələri, azərbaycançılıq ideyası ətrafında birləşmələri məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz iz buraxdı. Onun siyasəti sayəsində əldə edilən böyük uğurlar göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim dəyişən simasının, şəhər və rayonlarının sürətlə müasirləşməsi, iqtisadiyyatın və elmin, təhsilin, mədəniyyət və səhiyyənin, bütövlükdə ictimai-siyasi həyatın inkişafında özünü göstərir. Bu gün memarı Heydər Əliyev olan Azərbaycan böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış binaları, inzibati binalar və digər tikililər inşa olunur, yeni yollar salınır.

Heydər Əliyev beynəlxalq aləmdə baş verən hadisələri, müasir dünya siyasətinin inkişaf meyillərini, qloballaşan və transmilliləşən dünyanı da nəzərə alırdı. Təbii ki, qloballaşan dünyada milli mənafeləri, ölkənin milli-mənəvi dəyərlərini və vətəndaşların milli maraqlarını qorumaq o qədər də asan deyil. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər milli inkişafa, ölkələrin milli maraqlarına, milli-mənəvi dəyərlərin qorunmasına və s. bilavasitə təsir göstərirlər. Müstəqilliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində, azərbaycançılıq ideyasının formalaşmasında, milli həmrəylikdə, Azərbaycanın inkişaf modelində, ölkəmizin dünyaya inteqrasiyasında ümummilli liderin xidmətləri əvəzsizdir. Heydər Əliyevin neft strategiyası, dövlətimizin müstəqilliyinin təminatçısı olmaqla, eyni zamanda azad iqtisadi münasibətlərin mexanizmlərini işə saldı. Azərbaycanın dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xarici investisiyaların cəlb edilməsini təmin etmişdir ki, bu da Azərbaycan xalqının rifahının yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Bütün bunlar təkcə dövlətimizin daxili qüdrətinin deyil, həm də beynəlxalq nüfuzunun artmasına xidmət göstərirdi.

Heydər Əliyev Azərbaycan dövlətini azad, ədalətli, demokratik, plüralizmin, tolerant mühitin və multikultural dəyərlərin hökm sürdüyü bir ölkə kimi görmək istəyir və həmişə bunun üçün çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, Azərbaycanın Avropanın demokratik təsisatları ilə əlaqələrinin güclənməsi ümummilli lider mövqeyinin göstəricisi idi. Azərbaycanda həqiqətən çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da Heydər Əliyevin bilavasitə səyləri ilə həyata keçirilib. Heydər Əliyev üçün azərbaycançılıq məfkurəsinin mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişafı olmuşdur. Bu baxımdan ulu öndər qeyd edirdi ki, milli ideologiya konsepsiyası tarixi keçmişimizi, milli adət və ənənələrimizi, dilimiz, dinimiz və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanmasına və inkişafına xidmət etməlidir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Bu sözlər ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaşlığını və mahiyyətini ortaya qoyan, milli köklərə bağlılığını sübut edən tarixi bir ifadədir.

Zemfira HƏSƏNOVA,

 Dövlət İdarəçilik Akademiyasının magistrantı.