Heyvandarlığın inkişafına ardıcıl dəstək davam etdirilir
İQTİSADİYYAT

Heyvandarlığın inkişafına ardıcıl dəstək davam etdirilir

Azərbaycanda mal-qaranın cins tərkibinin dəyişdirilməsinə dövlət qayğısı davam etdirilir.

Belə ki, ilk dəfə olaraq resipient düyələrə embrion köçürülməsi həyata keçirilib. Uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub. Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 40 baş "Simmental" cinsindən olan düyə embrion köçürülməsi üçün uyğun sayılıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.

Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq indiyədək tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı idi. Artıq belə fermaların sayının artması ilə respublikada embrion transferinə tələb formalaşıb.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur: "Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Respublika Süni Mayalanma Mərkəzinə dəvət olunmuş alman mütəxəssis tərəfindən təlimlər keçirilib".

Məlumat üçün bildirək ki, Respublika Süni Mayalanma Mərkəzi embrion transferi təcrübəsini Qarabağ atları üzərində də təcrübə etməyə hazırlaşır. 2023-cü ildən başlayaraq isə yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimlərə cəlb olunacaq.

Nəriman CAVADOV,

"Respublika".