Hikmət Nəzərli
Sosial həyat

Hikmət Nəzərli

Nəzərli Hikmət Baba oğlu 7 mart 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1973-cü ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə getmiş, beşinci sinfə qədər burada təhsil almışdır. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar Hikmət də ailələri ilə Daşkəndə getmiş və orta təhsilini orada tamamlamışdır. O, 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıtmışdır. 1984-cü ildə hərbi xidmətə çağırılmış və Gürcüstan Respublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilmişdir. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-nin Yanğından Mühafizə İdarəsində işə düzəlmiş və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur.

Ölkəmizdə 90-cı illərdə yaranmış vəziyyət bir vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına o da biganə qala bilməzdi.

Hikmət Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən Vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu isə onun döyüş meydanına çevrilir. Çox keçmir ki Hikmət Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən xəstələnir. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır. Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur. Milli İstiqlal Muzeyinin dəyərli eksponatları arasında Milli Qəhrəman Hikmət Nəzərlinin də şəxsi əşyaları saxlanılır.

Anası Mənsurə xanımın dediklərindən: "Atası Baba Nəzərli Müdafiə nazirinin müavini idi. Qarabağa silah və ərzaq aparılmasına kömək edirdi. Dedi ki, tapşıraram əsgərləri aparan avtobus gedəndə evimizin yanından keçər, düşüb Hikmətlə görüşərsən. Avtobusun qapısında dayananda içəridə bir-birindən gözəl, bir-birindən boylu-buxunlu cavanları gördüm, Hikməti yolundan etməyə dilim gəlmədi. Əsgərlərdən biri dedi ki, ana, narahat olma, biz qayıdacağıq.

Sonralar hansısa döyüş əməliyyatını yerinə yetirəndə Hikmət çaya düşmüşdü, qıcolma tutmuşdu deyə, onu evə gətirmişdilər. Çox arıqlamışdı, əvvəlki cüssəli Hikmətdən əsər-əlamət qalmamışdı. Onlar ilk dəfə cəbhəyə yollananda dekabrın sonları idi. Ağdamdan iyirmi bir nəfərlə Xocalını müdafiə etməyə yollanmışdı... Sağ qalan döyüşçü dostları danışırdı ki, Hikmət bir dəstə erməni hərbçisini girov götürmüşdü".

Qarabağ qazisi, silahdaşı Xəlil Vəliyevin  dediklərindən: "Hikmət Nəzərli Azərbaycanda Silahlı Qüvvələr təşkil edilməyə başladığı vaxtlarda onun sıralarına qoşulanlardan biri olub. O öz rahat, qayğısız, firavan həyatını səngər mərhumiyyətləri ilə əvəz etmişdi. Həm də elə bir yerə göndərilmişdi ki, o, yaxşı bilirdi ki, oradan geri dönmək elə də asan məsələ deyil. Mən Hikmətlə Xocalıya gələndən sonra tanış oldum. Mən də Xocalı özünümüdafiə taborunda xidmət edirdim.  Komandir Aqil Quliyevin sağ əli olan Hikmət elə ilk gündən dəstəyə qorxmaz, vətənpərvər döyüşçülərin cəlb olunmasına yaxından köməklik etdi. Onu yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, elə oğullara bizim çox ehtiyacımız var idi. Heyf, zalım fələk nələr etdi... Xocalılılar hansı zülmlərə qatlaşmadı ki…"

Hikmət ailəli idi. Bir övladı yadigar qalıb. Azərbaycan Prezidentinin  9 sentyabr 1992-ci il tarixli Fərmanı ilə  Nəzərli Hikmət Baba oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

M.MİRZƏ, 

"Respublika".