Horadiz-Ağbənd dəmir yolunun çəkilişi sürətlə davam etdirilir
Sosial həyat

Horadiz-Ağbənd dəmir yolunun çəkilişi sürətlə davam etdirilir

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən il fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.

Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz təsirini göstərəcək, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrdir.

"Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda, bu istiqamətdə 300-ə yaxın süni mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 82 kilometr ərazi minalardan təmizlənib", - deyə Natəvan Bayramova qeyd edib.

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Tikintiyə Nəzarət İdarəsinin rəis müavini Məhəmməd Nağızadə aparılan işlərlə bağlı məlumat verib. Bildirib ki, birinci mərhələ 30 kilometrlik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97 faiz, süni qurğular 93 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 80 faiz həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyətinin 89 faizini təşkil edir.

İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 kilometrdən 85 kilometrə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20 faiz, süni qurğular 22 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 5 faiz həcmində yerinə yetirilib.

Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 kilometrlik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. Lakin düşmən üzərində qazandığımız şanlı Qələbə ilə bu yol yenidən aydınlığa çıxır. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

AZƏRTAC