Hotellərə ilk ulduz dərəcələri verilir
İQTİSADİYYAT

Hotellərə ilk ulduz dərəcələri verilir

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.

Azərbaycan Turizm Agentliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hotelçiliyin turizmin əsas sahələrindən biri olduğunu vurğulayaraq bildirib ki, ulduzlaşma məqsədilə beynəlxalq standartlar və meyarlar əsasında milli ulduz sistemi yaradılıb. O, ilkin yoxlamalara əsasən, təəssüf ki, bir sıra hotellərin iddia etdikləri ulduz dərəcəsini ala bilməyəcəklərini, buna səbəb onların malik olduqları şərait və təklif etdikləri xidmətlərin sayı, eləcə də keyfiyyətindəki çatışmazlıqlar olduğunu diqqətə çatdırıb.

F.Nağıyev iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellərə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən konsultativ dəstəyin göstəriləcəyini bildirib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid  Milli Ulduz Təsnifatı əsasında ulduz dərəcələrinin verilməsinin hotellər arasında sağlam rəqabətə səbəb olacağını qeyd edib.

Sonra yoxlama prosesindən uğurla keçmiş 17 hotelə keyfiyyət sertifikatları təqdim olunub.

Bəybala BƏYBALAYEV,

"Respublika".