Hulusi Akar: Azərbaycanın heç vaxt tək olmadığını hər kəs bilməli və görməlidir
Siyasət

Hulusi Akar: Azərbaycanın heç vaxt tək olmadığını hər kəs bilməli və görməlidir

Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin mətbuat konfransı keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Hulusi Akar Vətən müharibəsində Türkiyənin Azərbaycana fəal dəstəyi ilə bağlı danışarkən Ermənistanın otuz ilə yaxın davam edən haqsız işğalının, azərbaycanlı əhaliyə qarşı törədilən qətliamların, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin qardaş ölkədə də böyük narahatlıq və üzüntü doğurduğunu bildirib: "BMT Təhlükəsizlik Şurasının, eləcə də ATƏT-in Minsk qrupunun münaqişəni həll etməsini böyük ümidlərlə gözlədik. Lakin münaqişənin həll edilmədiyini gördükdə Azərbaycan lazımi addımları atdı və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük əməliyyatlar nəticəsində ərazilərini Ermənistanın işğalından azad etdi. Hazırda məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları, sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün lazımi işlər görülür".

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında Türkiyənin fəal iştirak etdiyini bildirən nazir dövlətlərimizin başçılarının göstərişləri ilə Türkiyə və Azərbaycan Silahlı qüvvələri arasında əməkdaşlığın ən yüksək səviyyədə davam etdirildiyini vurğulayaraq deyib: "Bu uğurlara çiyin-çiyinə çalışaraq nail olduq. Bu, bizim üçün son dərəcə sevindirici və qürurvericidir. Bu sevinci yaşamağımızda təbii ki, ən böyük pay şəhidlərimizə aiddir. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və yaralılarımıza şəfa diləyirik. Onların bu xidmətlərini daim hörmət və ehtiramla yad edəcəyik".

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışan Hulusi Akar bildirib ki, mərkəzin məqsədi atəşkəsin davamlılığının və bölgədə sabitliyin təmin olunmasıdır. "Biz bu məsələdə qətiyyətimizi, səmimiyyətimizi, dostluğumu ortaya qoyuruq. Mərkəzdə Rusiya və Türkiyə nümayəndələri ilə yanaşı, azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərirlər. Birgə Mərkəzin fəaliyyəti nəticəsində atəşkəsin pozulması hallarının xeyli azaldığını, sabitliyin təmin olunması üçün önəmli addımların atıldığını müşahidə edirik", - deyə türkiyəli nazir vurğulayıb.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinə əsasən, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlarla bağlı sualı cavablandıran Hulusi Akar deyib: "Şuşa Bəyannaməsi bizim duyğu və düşüncələrimizin sənəddə əks olunmasıdır. Bu, aramızdakı səmimi münasibətləri genişləndirən Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin ölkələrimiz və millətimiz üçün baxışlarını ortaya qoyduqları bir sənəddir. Biz müdafiə və təhlükəsizlik sahələrində nəzərdə tutulan işləri həyata keçirmək üçün hərbi təlim, əməkdaşlıq, məsləhətləşmə və qarşılıqlı yardım sahələrində işbirliyinin miqyasını yenidən təşkilatlanma, modernizasiya və hərbi təlimlərlə genişləndiririk".

Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi təlimləri ilə bağlı suala cavabında Türkiyənin milli müdafiə naziri bildirib ki, bizim qardaşlığımızı xüsusilə 44 günlük Vətən müharibəsi zamanı hamı gördü. "Biz bütün bölgədə dostluq, əməkdaşlıq, sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq", - deyən Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə həyata keçirdiyi fəaliyyətin heç bir digər ölkə üçün təhdid və ya təhlükə təşkil etmədiyini diqqətə çatdırıb.

Üçtərəfli hərbi əməkdaşlıqda Pakistanın fəal iştirakını xüsusi vurğulayan Hulusi Akar bildirib: "Bu əməliyyatlarda Azərbaycan və Türkiyənin yanında olan üçüncü ölkə Pakistandır. Hərbi təhlükəsizlik, müdafiə qabiliyyətinin artırılması və əməkdaşlığın genişləndirilməsi baxımından hərbi təhsil və təlimlərin keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Bütün sahələrdə, o cümlədən Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava, Xüsusi Təyinatlı Qüvvələr arasında, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlıq uğurla həyata keçirilir".

Hulusi Akar AZƏRTAC-ın müxbirinin "İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığı və bu istiqamətdə müxtəlif formatların müzakirə edildiyi bir vaxtda bölgədə vəziyyəti gərginləşdirməyə yönələn müəyyən proseslər yaşanır. Bölgədə böyük nüfuz sahibi olan Türkiyə bu durumu necə dəyərləndirir və qardaş ölkənin bu məsələlərdə mövqeyi nədən ibarətdir? Sizcə, davamlı sülhün və sabitliyin təmin olunması üçün nə edilməlidir?" sualına cavabında bildirib: "Bu məsələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində "Biz sülh göyərçini olmaq istəyirik" deyib. Azərbaycan haqlı, gərəkli və beynəlxalq səviyyədə legitimliyi olan bir mübarizə apardı. Çünki bu mübarizədə başqa bir ölkənin torpağı işğal edilmədi, hər hansı xalqın hüquqları pozulmadı. Biz Azərbaycanın öz torpaqlarının işğaldan azad etməsi üçün çalışdıq. Hər kəs bundan sonrakı dövrdə düşmənçiliklə nəyəsə nail olunmayacağını anlamalı və gələcəyə baxmalıdır. Bu baxımdan əməkdaşlıq, görüşlər, müzakirələr, eləcə də tərəflərin təhlükəsizliyi, haqq və maraqlarının təmin olunması, əhalinin rifahı baxımından atılacaq addımların müzakirə edilməsi barədə hörmətli prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın xeyli bəyanatları var.

Biz birlikdə həyata keçirdiyimiz fəaliyyətlərin əməliyyat-taktiki hissəsini bitirib, sülh mərhələsinə - əməkdaşlığa birlikdə başlamalıyıq. Ermənistan bunu bir fürsət olaraq görməlidir. Hörmətli prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın etdikləri sülh təklifinin Ermənistan tərəfindən fürsət olaraq dəyərləndirilməsini istəyirik.

Beləliklə, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı əhatə edən əməkdaşlıq formatlarını hamımız birlikdə müzakirə etməliyik. Çünki dünyaya baxın, müxtəlif bölgələrdə bir sıra münaqişələr baş verdi. Ancaq sonda siyasi həll yolunu tapa bilənlər daha təhlükəsiz və firavan səviyyəyə çata bildilər. Əgər Ermənistan bunu dərk edərsə və bu məsələdə adekvat münasibət göstərərsə, həqiqətən də həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi nailiyyətlər əldə oluna bilər. Avtomobil yolu, dəmir yolu layihələri dəstəklənməli və həyata keçirilməlidir. Bundan qonşu ölkələr də yararlana bilərlər. Ermənistan düşmənçiliyi bir kənara qoyub gələcəyə baxmasının həm erməni xalqı, həm də bölgə üçün çox obyektiv və faydalı olacağını görməlidir".

Hulusi Akar bəzi qüvvələrin Vətən müharibəsindən sonra Türkiyənin regionda artan rolundan narahat olduqları barədə suala cavabında deyib: "Türkiyənin əsas məqsədi azərbaycanlı qardaşlarımızın məruz qaldığı haqsızlığın aradan qaldırılması, Azərbaycan xalqının və dövlətinin ədalətli mübarizəsində onların yanında olmaqdır. Biz bunu davam etdiririk və etdirəcəyik. Azərbaycan heç vaxt tək deyil. Bunu hər kəs bilməli və görməlidir. Biz bu məsələdə əsl vəfa örnəyi göstərdik. Prezident Rəcəb Tayyib Ərdoğan ilk andan etibarən Azərbaycanın yanında olduğumuzu bəyan etdi. Bunun başqa cür yozulması mənasızdır".

Hulusi Akar ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ifadəsini işlətməsinə dair suala cavabında bildirib ki, Türkiyə və Ermənistanın arxivlərinin açılması barədə Prezident Rəcəb Tayyib Ərdoğanın təklifinə Ermənistan indiyə qədər cavab verməyib. Qondarma "soyqırımı" iddiaları siyasi məqsədlərə, populist və opportunist maraqlara xidmət edir.

Mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğunu diqqətə çatdıran nazir ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Mətbuat konfransının sonunda media nüma

yəndələri ilə birgə xatirə fotosu çəkdirilib.

AZƏRTAC