“Humanizmin Azərbaycan simvolu
Digər xəbərlər

“Humanizmin Azərbaycan simvolu" adlı tədbir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü ilə bağlı "Humanizmin Azərbaycan simvolu" adlı  tədbir keçirilib. Tədbirdə "Humanizmin Azərbaycan simvolu" kitabının da təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban xanım Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:

"Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır.  Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet olaraq qarşıya qoyub.

Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır".

Tədbirdə çıxış edən siyasi elmlər doktoru, "Humanizmin Azərbaycan simvolu" kitabının müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci  vitse-prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələrdən söz açıb. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun Prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir, xalqımızın həyatında xüsusi əhəmiyyət daşıyır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxışında Mehriban Əliyevanın əsasən təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib, bu istiqamətdə həyata keçirilən böyük işlərdən danışıb. Mehriban Vəliyeva qeyd edib ki, Birinci vitse-prezidentin bilavasitə qayğısı ilə respublikamızın hər yerində müasir məktəblər inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülüb.

Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü hər addımda göstərir. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunan millət vəkili, bu xidmətlərin əsrlər sonra da hörmət və ehtiram hissilə yad ediləcəyini bildirib.

Nəriman Nərimanov adına 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanım Əliyevanın  hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, müharibə əlilləri və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz öz xidmətləri, fədakarlığı sayəsində xalqın sevimlisinə çevrildiyini bildirib. "Humanizmin Azərbaycan simvolu" adlı kitabın önəminə toxunan Nəcibə Axundova   belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi üçün siyasi elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının inkişafında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu bildirib. Fatma Səttarova qeyd edib ki, hədsiz qayğıkeşliyi və çalışqanlığı, humanizmi və nəcibliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir. Mehriban xanımın müharibə veteranı, sadə bir Azərbaycan qadını kimi  ona hər zaman böyük qayğı göstərdiyini bildirən Fatma Səttarova bu cür həssas münasibətə görə Birinci vitse-prezidentə təşəkkür edib, minnətdarlığını bildirib.

Seymur ƏLİYEV,

Müharibə, Əmək və Silahlı Qüvvələr

Veteranları Təşkilatının mətbuat katibi.