Hünər və mərdlik nümunəsi
Sosial həyat

Hünər və mərdlik nümunəsi

Vətən müharibəsində Ağcabədi rayonundan 41 nəfər gənc döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub. Ermənistan ordusunun dinc əhalini hədəfə alaraq rayonun Taynaq kəndini bombalaması zamanı orta məktəb şagirdi, 14 yaşlı Fərid İsgəndərov da həyatını itirib. Şəhidlərin  Vətən, torpaq sevdası,  döyüşlərdə göstərdikləri şücaət onların vətənpərvərliyini nümayiş etdirdi, adları tariximizin səhifələrinə şərəflə yazıldı. Rayonun Sarıcalı kəndində Vətən müharibəsi qəhrəmanı,   şəhid Ceyhun Mustafazədənin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, kənd sakinləri,  məktəblilər,  şəhidin doğmaları,  döyüş yoldaşları və ağsaqqallar  iştirak ediblər.  

Sarıcalı kənd qəbiristanlığında Ceyhun Mustafazadənin  məzarı ziyarət edilib,  ruhuna dualar oxunub.  Sarıcalı kənd tam orta məktəbində davam etdirilən anım mərasimində torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Şöhrət Orucov şəhid Ceyhun Mustafazadənin qısa,  lakin şərəfli həyat yolu haqqında danışıb. Məlumat verilib ki,  igid döyüşçü 27 yanvar 1997-ci ildə Sarıcalı kəndində anadan olub.  Atası Şükür Adilov Birinci Qarabağ müharibəsində fəal iştirak edib, müharibə veteranıdır.  Ceyhun orta məktəbi bitirdikdən sonra Ağcabədi Pedaqoji Kollecində təhsil alıb.  O,  2017-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Əlahiddə Ümumqoşunlarının “N” saylı hərbi hissəsində kəşfiyyatçı bölüyündə xidmət edib.

Ceyhun  2020-ci ilin yanvarında müddətdən artıq hərbçi kimi xidmətini davam etdirib, Naxçıvanın Günnüt kəndinin azad edilməsində iştirak edib. Vətən müharibəsində Ceyhun xüsusi təyinatlı qüvvələrin tərkibində kəşfiyyatçı kimi mühüm əməliyyatlarda iştirak edib.  Torpaqlarımızın işğalçılardan azad olunmasında igidlik göstərib. Cəsur kəşfiyyatçının döyüş yolu Murov yüksəkliklərindən,  Cəbrayıl,  Füzuli,  Ağdərə istiqamətindən,  Suqovuşan kəndindən keçib.  Ceyhun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş postu uğrunda gedən qanlı döyüşlərdə hünər və cəsarət nümayiş etdirib və düşmənə sarsıdıcı zərbələr vurub.  Qəhrəman Ceyhun 2020-ci il oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə igidlik göstərərək həlak olub.  

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kəşfiyyatçı Ceyhun Mustafazadə  ölümündən sonra “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə”,  “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Anım tədbirində qəhrəmanın atası Şükür Adilov,  döyüş yoldaşları,  müəllimlər,  kənd ağsaqqalları çıxış edərək Ceyhun haqqında ürək sözlərini söyləyib,  xatirələrini bölüşüblər.  Şəhidlərin əziz xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün əsl örnək olacaqdır.

                                          Salman ALIOĞLU,

                                             “Respublika”.