Hüququn aliliyi təmin edilir
Siyasət

Hüququn aliliyi təmin edilir

Prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən qurum kimi formalaşması, onun fəaliyyəti üçün qanunvericilik və maddi-texniki bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Dahi rəhbərin prokurorluğa olan diqqət və qayğısının davamı hesab edilən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 

Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmaqla qanunun aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Dövlət başçısı proqram xarakterli çıxışında xüsusilə  vurğulamışdır ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var və Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Respublikanın hazırki inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan prokurorluğu da müasirləşmiş və fəaliyyətini ən yüksək səviyyədə təkmilləşdirmişdir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ümumbəşəri problemlər sırasında xüsusi yer tutan korrupsiya və onun təzahürləri ilə mübarizə istiqamətində də səmərəli addımlar atılmış, korrupsiyaya qarşı mübarizə ölkədə həyata keçirilən islahatların ən mühüm tərkib hissəsi olmuşdur. Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və təqibi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması məqsədilə ölkə Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.

Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə müasir məzmunlu islahat tədbirləri davam etdirilməklə şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sosial məsələlərə xüsusi önəm verilməsi böyük uğurların əldə olunmasına, insanlara göstərilən qayğının yüksək həddə çatdırılmasına şərait yaratmış, sosialyönümlüyə üstünlük ölkənin dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir.

Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxmışdır.

Bu zərurət 1 may 2020-ci il tarixdə Prezident cənab İlham Əliyevin yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı bir daha diqqətə çatdırılmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. Dövlət başçısı proqram xarakterli çıxışında xüsusilə  vurğulamışdır ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var və Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Beləliklə, prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunmuşdur. Keyfiyyətli təhsilə malik, gənc, peşəkar, savadlı, müasir  və innovativ düşüncəli kadrların önə çəkilməsi, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi vacib məqamlar kimi vurğulanmışdır.

Dövlət başçısının verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılmış, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilmişdir. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlət başçısının 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq İdarəsi yaradılmışdır.

Eyni zamanda, qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili Qaydaları” təsdiq edilməklə 1 avqust tarixindən qüvvəyə minmişdir.

Qaydaların hazırlanmasında prokurorluğun fəaliyyətində rəhbər tutulan normativ-hüquqi aktların əhəmiyyətli hissəsindən istifadə olunmuş, müasir tələblərə cavab verməyən, əhəmiyyətini itirmiş əmrlər isə ləğv olunmuşdur.

Baş Prokurorluğun və struktur qurumların “İşin Təşkili Qaydaları”, eləcə də prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən yenicə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaqdır.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli Qanuna uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması qərara alınmışdır. Hazırda bu sistemin hazırlanması və tətbiqi istiqamətində işlər davam etdirilir.

Əminik ki, bu sistemin prokurorluqda yaradılması və fəaliyyətə başlaması dövlətimizin başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq prokurorluq tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər sırasındadır. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, iş keyfiyyətinin və şəffaflığın artırılmasına, bütövlükdə prokurorluğun fəaliyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlmiş olacaqdır.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, hazırkı dövrdə daha çox əhalini narahat edən sahələrdə prokuror nəzarətinin həyata keçirilməsini zəruri edir.Ətraf mühitin mühafizəsi, qida sənayesi, əhalinin sağlamlığı baxımından dərmanların buraxılması və onun istehlakı, inzibati xətalarla bağlı nəzarətin gücləndirilməsi  xüsusi əhəmiyyət kəsb edir və artıq bəzi Avropa ölkələrində prokurorlar bu sahədə baş verən qanun pozuntularına qarşı mübarizə aparırlar.

44 günlük müharibədəki şanlı Zəfərimiz xalqımızın Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanımı, dövlətimizi, dövlətçilik ənənələrini necə dəstəklədiyini bir daha əyani qaydada sübut etdi. Qələbəmizin ərsəyə gəlməsində hər bir azərbaycanlının, o cümlədən prokurorluq əməkdaşlarının öz töhfəsi olmuşdur. Təsadüfi deyil ki, 30.12.2020-ci il tarixdə “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı müharibə dövründə prokurorluq əməkdaşlarının əməyinə dövlət səviyyəsində verilən qiymətin təzahürü olmaqla, qarşımızda yeni vəzifələr müəyyən etmişdir.

Möhtərəm Prezidentimizin Azərbaycanın incisi olan Şuşanın azad olunması ilə bağlı televiziya vasitəsilə xalqımıza müraciətində ata vəsiyyətinin yerinə yetirilməsi və Şuşanın erməni işğalından azad olunmasını səsləndirməsi hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu.

Bu gün prokurorluğun qarşısında duran ən prioritet vəzifələrindən biri vətəndaşlarımızın hüquq və azadlıqlarının dolğun və etibarlı müdafiəsidir. Qeyd olunanlar isə dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə bilavasitə xidmət edir.

Cari ilin 15 iyun tarixində daha bir möhtəşəm müqavilə bağlandı. Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edir. Şuşa Bəyannaməsi regionumuzda sülh və rifahı bərqərar edəcək və sabitliyin qarantı kimi çıxış edəcəkdir.

Bu gün müasir Azərbaycan prokurorluğunun fəaliyyəti üçün beynəlxalq standartlara cavab verən zəruri normativ-hüquqi baza mövcuddur. Qanunla nəzərdə tutulan səlahiyyətlər çərçivəsində dövlət maraqlarının müdafiəsinə xidmət edən dövlət fəaliyyətinin xüsusi növü kimi prokuror nəzarətinin səmərəli və keyfiyyətlə həyata keçirilməsi, onun səviyyəsi, şəffaflığı, əlçatanlığı və təsir dairəsi hakimiyyətin nüfuzundan xəbər verir. Bu gün prokurorluğun qarşısında duran ən prioritet vəzifələrindən biri vətəndaşlarımızın hüquq və azadlıqlarının dolğun və etibarlı müdafiəsidir. Qeyd olunanlar  isə dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə bilavasitə xidmət edir.

Xətai rayon prokurorluğunun da gələcək fəaliyyəti üçün qarşıda duran əsas hədəfi  “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə operativliyin və səmərəliliyin artırılması, müasir və innovativ metodlara əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təmin edilməsi ilə   işin keyfiyyətcə yeni mərhələyə qalxması və daha çevik yerinə yetirilməsidir.

Bu baxımdan Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun qayğısı ilə əhatə olunan Xətai Rayon Prokurorluğu tərəfindən demokratik cəmiyyətə xas olan, beynəlxalq standartlara və qlobal dünyamızın hazırkı çağırışlarına cavab verən, qanunla nəzərdə tutulan hallarda və qaydada təsirli və preventiv prokuror nəzarəti həyata keçirilməklə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, cinayət təqibi çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının dolğun və etibarlı müdafiəsi üçün hüququn və qanunun aliliyi təmin edilməklə, rayon ərazisində qanunçuluq və hüquq qaydalarının hökm sürməsinə, bununla da  rayon sakinlərinin dövlət müdafiəsi altında rahat və təhlükəsiz şəraitdə yaşamaları üçün səlahiyyətlər daxilində bütün imkanlardan maksimum dərəcədə istifadə olunacaqdır.

Qarşıdan gələn  peşə bayramı münasibətilə bütün prokurorluq əməkdaşlarını, veteranlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı və şərəfli xidməti fəaliyyətlərində yeni-yeni nəzərəçarpacaq uğurlar diləyirəm.

Sərdar İMANOV,

Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri.