Hüseyn Əmir Abdullahian: İran Azərbaycanı ən yaxın dostlarından biri hesab edir
MÜSAHİBƏLƏR

Hüseyn Əmir Abdullahian: İran Azərbaycanı ən yaxın dostlarından biri hesab edir

Biz son 4 ayda çox sıx əlaqə qurmuşuq, üç görüşümüz, mütəmadi telefon danışıqlarımız olub. Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi və iki ölkə arasında əhəmiyyətli razılaşmalar əldə edildi. Bu razılaşmalar münasibətimizi daha da gücləndirəcək və inanıram ki, yaxın gələcəkdə öz səmərəsini verəcək.

AZƏRTAC xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.

Azərbaycanı ərazilərini işğaldan azad etməsi münasibətilə təbrik edən Hüseyn Əmir Abdullahian İranın ölkəmizi ən yaxın dostlarından biri hesab etdiyini vurğulayıb.

O bildirib ki, ölkələrimiz regional və beynəlxalq müstəvidə bir-birini dəstəkləyir.

Azərbaycan, Rusiya, Türkiyə və İran arasında yeni platformanın yaranacağını qeyd edən nazir bildirib ki, region ölkələrinin bölgədəki problemləri həll etməsi üçün kifayət qədər gücü var.

"İran müharibədən sonrakı təcrübəni nəzərə alaraq yenidənqurma layihələrində iştirakda maraqlıdır. Nəqliyyat-tranzit, habelə hərbi və siyasi sahələrdə əməkdaşlığımız davam edəcək", - deyə İran XİN-in başçısı qeyd edib.

AZƏRTAC