İbrahim Məmmədov
Sosial həyat

İbrahim Məmmədov

Hər bir qəhrəman haqqında oxuyarkən düşünürsən ki, bu cür övladları olan Vətən əbədiyyətə qədər yaşamağa layiqdir və yaşayacaq. Çünki qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur. Nə qədər ki, uğrunda rəşadət göstərməyi, hətta ölməyi bacaran övladların var sən yaşayacaqsan, Azərbaycan! Bu, tarixin ən dərin qatlarında da belə olub, indi də belədir və gələcəkdə də belə olacaq. Çünki hər bir daşı, cığırı, damlası və zərrəsi də müqəddəsdir bu yurdun. Həmişə də onun müqəddəsliyi uğrunda ər övladlar səf-səf düzülüb yağı düşmənlə döyüşə girərək ya şəhid, ya da qazi olublar. Hər parçasında minlərlə şəhid uyuyan bu torpaq igid babalardan bizə əmanətdir.  Bu müqəddəs əmanəti gələcək nəsillərə toxunulmaz şəkildə çatdırmaq isə bizim ən ümdə vəzifəmizdir.

Azərbaycan xalqı tarixin bütün dönəmlərində qəhrəmanlar yetirmiş bir toplum olduğu üçün XX əsrin sonlarında baş vermiş hadisələr, xüsusən Ermənistanın Azərbaycana xaincəsinə təcavüzü zamanı da yurdumuz neçə-neçə qəhrəman, cəsur oğullar yetişdirdi. Belə oğullardan biri də adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılan İbrahim Məmmədov oldu. Naxçıvan torpağı tarixən belə Koroğlu, Nəbi qeyrətli igidlər yetişdirmişdir.

İbrahim İsmayıl oğlu Məmmədov 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Lap uşaqlıqdan könlünü kitab-dəftərə vermiş, çoxlu şeirlər əzbərləmiş, təbiətin gözəlliyini əks etdirən şəkillər çəkmiş, boş vaxtlarında atlas geyimli dağları, dərələri qarış-qarış gəzmişdir.

İbrahim orta məktəbdə təhsil alarkən çalışqanlığı ilə diqqəti cəlb etmiş, xüsusilə idmana böyük sevgisi olmuşdur. O, 1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, bir il Su Tikinti İdarəsində işləmiş, sonra isə valideynlərinin xeyir-duası ilə əsgəri xidmətə yola düşmüşdür. Ordu sıralarında xidmət edərkən RDM  hərbi texnikasının birinci dərəcəli tuşlayıcı-operator ixtisasına yiyələnmişdir.

İbrahim Məmmədov 1979-cu ildə ordudan tərxis olunaraq Moskva şəhərinə üz tutur və avtomobil zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyə-işləyə 1988-ci ildə Bakı Dövlət Universitetinin  tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1993-cü ildə təhsilini başa vurur.

Azərbaycanda baş verən hadisələr, Qarabağdan gələn həyəcanlı xəbərlər onu qürbət bir eldən vətənə dönməyə məcbur etdi. İbrahim hələ 1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar faciəsinə qarşı öz haqq səsini qaldırmış, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal iştirak etmiş, Moskvada təşkil edilən mitinqlərdə, yığıncaqlarda səslənən fikirləri olduğu kimi ictimaiyyətə çatdırmışdır.

İbrahim Məmmədov Xocalı soyqırımından sonra ailəsi ilə birgə Bakıya qayıdır. Çox keçmədən Naxçıvan torpağının yetirməsi könüllü batalyonlardan birinin tərkibində döyüşlərə atılır. İbrahim könüllü batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandanlığı altında strateji əhəmiyyətli bir yüksəklik azad edilir.

Cəsur döyüşçü İbrahim Məmmədov 1994-cü il fevralın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim savaşında erməni quldurlarının 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda sinəsi düşmən gülləsinə tuş gəlir.

İbrahimin son mənzili Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı oldu. Dəfn mərasimində qəhrəman döyüşçünün əsgər yoldaşları and içdilər ki, vaxt gələcək ermənilərdən qisas birə-beş alınacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli Fərmanı ilə İbrahim İsmayıl oğlu Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".