İctimai nəqliyyatda və qapalı məkanlarda reyd keçirilib
Region

İctimai nəqliyyatda və qapalı məkanlarda reyd keçirilib

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Şəmkir rayonunda pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Şəmkir RİH və rayon polis şöbəsinin əməkdaşları rayonda fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl olunmasına  nəzarət ediblər.

Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub.

Həmçinin, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Bildirilib ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi, diqqətə çatdırılıb.

Qeyd etmək lazımdır ki, respublikanın hər yerində olduğu kimi, Şəmkir rayonunda da ictimai iaşə obyektlərində davamlı monitorinqlər aparılır.

Vəli VƏLİYEV,

“Respublika”.