İctimai-Siyasi Sənədlər Arxivində
Digər xəbərlər

İctimai-Siyasi Sənədlər Arxivində "Yaddaşlara həkk olunmuş ömür yolu" adlı tədbir

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Yaddaşlara həkk olunmuş ömür yolu" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşları, elm və ictimaiyyətin nümayəndələri, xarici qonaqlar - Çex Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik, Macarıstanın Bakıdakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihai Gruber, Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Arxivin binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Arxivin foyesində tədbir iştirakçılarına İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Arxivin bələdçiləri qonaqlara "Yaddaşlara həkk olunmuş ömür yolu", "Heydər Əliyev və İctimai-Siyasi Sənədlər Arxivi", "Şanlı tariximizin qızıl səhifələri", "Quruculuq salnaməsi: başlanğıc", "Qarabağ Azərbaycandır!" adlı stendlərin şərhini verərək, Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.

Tədbir Arxivin akt zalında davam edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova "Xalqa həsr olunmuş ömür" adlı məruzə ilə çıxış edib. E.Ələkbərova 1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu, Heydər Əliyevin bütün məhdudiyyətləri məharətlə adlayaraq, həmin illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişikliklərinin, islahatların aparıldığını, yeni sənaye sahələrinin yaradıldığını, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesinin SSRİ-də qabaqcıl mövqeyə yiyələndiyini vurğulayıb. 1970-ci illərin əvvəllərindən etibarən reallaşan layihələr və aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan sənayesinin inkişafında yeni bir mərhələnin başlandığını xatırladan məruzəçi respublikaya ilk rəhbərliyi dövründə Ulu Öndərin neft sənayesi sahəsində həyata keçirdiyi islahatlarla illər sonra öz müstəqilliyini bərpa edəcək Azərbaycanın neft strategiyasının və siyasətinin təməlinin qoyulduğunu qeyd edib.

Ulu Öndərin "Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir!" müdrik kəlamını xatırlayan Elmira Ələkbərova deyib: "Ölkəmizin güclü iqtisadiyyatı, tərəqqisi, vətəndaşlarımızın rifahı Heydər Əliyevin doğru siyasi-iqtisadi kursundan qaynaqlanır. Həmin siyasi-iqtisadi kurs bu gün Ulu Öndərin layiqli davamçısı, miras qoyduğu güclü və demokratik Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun daha da genişləndirilərək uğurla davam etdirilir. Azərbaycan ərazi baxımından kiçik görünsə də, beynəlxalq aləmdə nüfuzu durmadan artır, onun gördüyü işlər, əldə etdiyi nailiyyətlər digər ölkə rəhbərlərini qlobal məsələlərə münasibətdə onu dinləməyə vadar edir. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan bütün dünyada siyasi və makroiqtisadi baxımdan sabit ölkə, qlobal enerji və nəqliyyat layihələrinin fəal və əvəzedilməz iştirakçısı kimi tanınır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasəti sayəsində Azərbaycan istənilən xarici təhdidi dəf etməyə qadir olan, dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordu qurmuş, şanlı Ordumuz və Azərbaycan xalqı Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək tarixi ədalətin bərpası üçün çıxdığı Zəfər yürüşündə möhtəşəm Qələbə qazanmış, öz ərazi bütövlüyünü bərpa etmiş, doğma ata-baba yurdundan didərgin düşmüş insanların 30 illik Vətən həsrətinə son qoymuşdur. Azad olunmuş əzəli torpaqlarımızdakı şəhər və kəndləri qısa müddət ərzində müasir dünya standartlarına uyğun abadlaşdırmağa, yenidən qurmağa nail olan Azərbaycanın hazırkı uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Tədbirdə, həmçinin Milli Məclis sədrinin müavini Fəzail İbrahimli çıxış edərək, Ulu Öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin Azərbaycan tarixindəki əvəzsiz rolundan geniş söhbət açdı.

Daha sonra Arxivin qonağı - Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili çıxış edərək, Gürcüstan-Azərbaycan münasibətlərindən bəhs edib və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

AZƏRTAC