IDEA ekoloji tarazlığın qorunmasında müstəsna xidmətlər göstərir
Ekologiya

IDEA ekoloji tarazlığın qorunmasında müstəsna xidmətlər göstərir

Azərbaycanın zəngin təbiətinin mühafizə edilməsi, ekoloji mənbələrlə bağlı ictimai maarifləndirmə, fəallığın artırılması və bununla təbiətimizin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 12 iyul 2011-ci ildə  IDEA İctimai Birliyini təsis etmişdir. Onun rəhbərliyi  altında IDEA Azərbaycanda “yaşıl” hərəkatının aparıcı qüvvəsinə, ətraf mühit üzrə fəaliyyətin regional mərkəzinə, mötəbər beynəlxalq təşkilatların etibarlı tərəfdaşına çevrilmişdir. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün təbiətsevər kimi yetişməsini təmin etməkdir.

2015-ci ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür. Onun  təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlayaraq “Meyvə ağaclarının əkilməsi” üzrə layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.

Ekoloji cəhətdən təmiz və abad həyətlərin müasirləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə “Bizim həyət” layihəsi də uğurla icra edilir. IDEA-nın təşəbbüsü ilə 2018-ci ilin aprel ayından başlayaraq  “Yaşıllıqları bərpa edək” layihəsi çərçivəsində Abşeron yarımadası və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun ağaclar əkilir. Son illər IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublika ərazisində  5 milyondan çox ağac əkilmiş, ekoloji tədbirlər, sənaye və məişət tullantılarının azaldılması, o cümlədən sahibsiz heyvanlar üçün sığınacaqların təşkili istiqamətində bir çox layihələr həyata keçirilmişdir.

Cənubi  Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, burada dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin zəngin biomüxtəlifliyini təmin edən əsas amildir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi də geniş müzakirə edilib. IDEA nəsli kəsilmək təhlükəsi altında olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlar ilə  birgə səylərini davam etdirir.

Naxçıvan Muxtar Respublikasında Həsən Əliyev adına Zəngəzur Milli Parkında  bəbir balalarının fotoşəkli qeydə alınıb. Fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı birgə keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub. Mütəxəssislər son 5 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyi qənaətindədir. Buna qədər yeni bəbir fərdlərinin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında, 2014-cü ilin yanvar və 2015-ci ilin noyabr ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin may ayında isə Hirkan Milli Parkında qeydə alınıb. Son illər ərzində Naxçıvan MR-də 7 bəbir müşahidə olunub.

Qeyd edək ki, aparılan monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib. Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyanın  yarandığı faktlarla sübuta yetirilib.

Mütəxəssislərin rəyinə görə, Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesi heç də təsadüfi xarakter daşımır. 2000-ci illərin əvvəlinə kimi respublikada bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 20 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə (Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda) müəyyən etməyə imkan verib. Bu, ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir. Eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsinin gücləndirilməsi nəticəsində  bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (bezoar keçi, muflon və s.) sayının artması üçün vacib təhlükəsiz şərait yaradılmışdır.

Bu il mayın 31-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində “Xıllı-Balıq” MMC, “Az Varvara” MMC, “Azerbaijan Fish Farm” MMC balıqartırma zavodlarında yetişdirilmiş 550 min ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.  Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir. “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyondan çox müxtəlif növlü balıq körpələri su hövzələrinə buraxılıb. “Zəngin hövzələr” layihəsinin icrası müddəti balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir. Potensial kürütökmə yerlərini müəyyən etmək məqsədilə IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sözügedən ərazi tədqiq edilib və bu sahələrə sonradan buraxılacaq nərəkimilərin davamlı yetişdirilməsi üzrə əməkdaşlıq qurulub. 2018-ci ilin may ayından etibarən milyonlarla nərə balığı körpəsi Neftçalada yerləşən Xıllı Nərə Balıqartırma Zavodunda yetişdirilir və təbiətə buraxılır. IDEA Xəzər dənizində nərəkimilərin populyasiyasının artırılması üzrə səylərini daha da genişləndirmək niyyətindədir.

21-23 iyul 2021-ci ildə  IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən düşərgəyə Qəbələ rayonundan 60-a yaxın məktəbli qoşulub. “Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, təbiətə qarşı rəğbət və qayğı hissəsini formalaşdırmaqdır.

Düşərgənin ilk günündə məktəblilər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar. Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində Azərbaycana gətirilən zubrları canlı izləmək şansı əldə ediblər.

Qeyd edək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılıb. Hazırda ölkəmizə gətirilən zubrların sayı 19-a çatıb. Layihə  özünü doğrultduğu üçün  ölkəmizə yeni fərdlərin gətirilməsi nəzərdə tutulmuşdur. IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq  2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgədə İsmayıllı, Salyan, Neftçala, Qəbələ, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib. 

Kamil İSMAYIL,

“Respublika”.