İdmançı və mütəxəssislərin bir qrupuna dövlət mükafatları təqdim edilib
İdman

İdmançı və mütəxəssislərin bir qrupuna dövlət mükafatları təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş idmançıların martın 15-də mükafatlandırılması mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbriklər çatdırılıb, onlara qarşıdakı yarışlarda, xüsusən də Paris Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulanıb.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust və 2021-ci il 6 sentyabr tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər "Vətənə xidmətə görə" ordeni, 2 nəfər "Əmək" ordeni, 7 nəfər "Tərəqqi" medalı, 5 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Bundan başqa, Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər "Şöhrət", 14 nəfər "Vətənə xidmətə görə", 3 nəfər "Əmək" ordenləri, 3 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 11 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

AZƏRTAC