İDMAN:DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN:DAİM ZİRVƏLƏRDƏ

Karateçimiz dünya çempionudur

Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçirilib. Dünya çempionatında milli komandamız da iştirak edib. Böyüklər arasında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub. O, fəxri kürsünün birinci pilləsinə qalxaraq, dünya çempionu tituluna sahib olub.

 

Yunan-Roma güləşi üzrə millimiz ikinci olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb. Yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Millimizin üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev isə  (97 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.

 

İdmançılarımız Asiyada 3 medal qazanıblar

Özbəkistanın Buxara şəhərində yapon döyüş növü olan kombat ciu-citsu üzrə açıq Asiya çempionatı keçirilib. Yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin 2 idmançısı təmsil edib. İdmançılarımız çempionatın "full contact" və "close kontakt" versiyalarında iştirak ediblər.

Asiya çempionatında veteranlar arasında "full contact" versiyasında Məğrur Əhmədov (85 kq) ikinci, həmçinin "close contact" versiyasında üçüncü olub. 21-36 yaş arası qrupda isə Sabir Həsənov (85 kq) bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".