İdmanın kütləviliyi təmin olunur
Region

İdmanın kütləviliyi təmin olunur

Ölkəmizdə bütün sahələrə olduğu kimi, idmana, bədən tərbiyəsinin inkişafına diqqət ön plandadır. Bu diqqətin nəticəsidir ki, idmançılarımız dünya miqyaslı mötəbər yarışlarda uğurlu göstəricilər qazanır, ölkəyə medallar gətirir, Azərbaycan bayrağını planetin müxtəlif ünvanlarında dalğalandırır, himnimizi qürurla səsləndirirlər. Sovet dönəmində yalnız paytaxtda və respublikanın iri şəhərlərində müxtəlif idman zalları və qurğuları yerləşdirilirdi. Sanki bədən tərbiyəsinə qayğı ancaq iri yaşayış yerlərinə məxsus olmalı idi.

Müstəqillik dövründə isə belə deyil. Dövlət başçımız cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində indi respublikanın müxtəlif ünvanlarında, regionlarda da idmanın kütləviliyi təmin olunur. Son illərdə ayrı-ayrı rayonlarda tikilib istifadəyə verilən olimpiya idman kompleksləri deyilənlərə əyani misaldır. Regionun Mərkəzi Aran hissəsində yerləşən Şirvan şəhərində, Sabirabad, Saatlı və Kürdəmir rayonlarında olimpiya idman kompleksləri səmərəli fəaliyyət göstərir. Adıçəkilən idman ocaqlarından birində - Sabirabad Olimpiya İdman Kompleksində (OİK) olduq. Bəri başdan deyək ki, doqquz ildən artıq müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, burada hər şey adama təzə görünür. Səliqə-sahman, təmizlik göz oxşayır, dərhal hiss edirsən ki, rəhbərlik nizam-intizamı ciddi şəkildə qoruyub saxlaya bilir. Amma bütün bunlar işin bir tərəfidir. Əsas məsələ kompleksdə idmanın inkişafına verilən töhfələrdir. OİK-in direktoru Oqtay Mehdiyevlə söhbət zamanı son illər idmanda əldə olunmuş uğurlar sözün əsl mənasında adamda qürur hissi oyadır. Oqtay müəllim deyir:

- Sabirabad Olimpiya İdman Kompleksində boks, sərbəst güləş, mini-futbol, üzgüçülük, trenajor, stolüstü tennis, karate idman bölmələri fəaliyyət göstərir. Olimpiya idman növlərinə daxil olan sərbəst güləş və boks idman növlərinin məşqləri pulsuz keçirilir. Diqqət və qayğının nəticəsidir ki, bu iki idman növü son vaxtlar xeyli inkişaf etmişdir.

Bundan əlavə, sərbəst və yunan-Roma güləşi üzrə, habelə voleybol, stolüstü tennis, yunan-Roma və digər idman yarışlarımızda onlarla gənc idmançı öz qüvvələrini sınamışlar. Respublika Gənclər və İdman Nazirliyinin, rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən keçirilən zona yarışları, rayon birincilikləri idmanın inkişafına güclü təkan vermişdir.

Hazırda kompleksdə 300 nəfərdən artıq yeniyetmə və gənc idmanın müxtəlif növləri üzrə məşqlərə davam edir. Keçən il respublika əhəmiyyətli yarışlar keçirmişik. Ötən il yüksək göstəricilər əldə edən idmançılarımızın adını çəkmək istəyirəm. Hər şeydən əvvəl onu deyim ki, keçən il kompleksdə Azərbaycan Milli Xalq Oyunları üzrə kənd idmançılarının 30-cu final yarışları keçirildi. Yarışlarda 18 rayondan gəlmiş 280-dən çox idmançı iştirak etdi. Sərbəst və yunan-Roma güləşi üzrə zona yarışlarının da ünvanı bizim idman müəssisəsi oldu. Bu yarışlarda 19 idmançı öz qüvvəsini sınayırdı. Ümidverici yeniyetmə idmançı Varis Mehdizadənin göstəriciləri sevindiricidir. Varis idmanın sərbəst güləş növü ilə məşğul olur. Kompleksin yetirməsi Varis Macarıstanda keçirilən yeniyetmələrin Avropa birinciliyində 75 kiloqram çəki dərəcəsində 3-cü yeri tutdu. İranda dünya kuboku uğrunda keçirilən yarışlarda da Varis fəxri kürsünün 3-cü pilləsinə qalxdı, respublika yığma komandasının saıralarına daxil edildi. Allahverdi Pənahov qaydasız döyüş üzrə Azərbaycan birinciliyində 1-ci yerə, boks üzrə Səməd Həsənzadə Bakı şəhərində keçirilən yarışlarda 3-cü yerə layiq görüldü. Bunlar keçən il idmançılarımızın əldə etdiyi uğurların bir hissəsidir. Hazırda kompleksdə ilk olaraq cüdo idman növü üzrə məşqlər keçirilir. Fərəhli haldır ki, rayonumuzdan olan 10 nəfər qız bu maraqlı, lakin çətin idman növü ilə məşqləri davam etdirir.

Tofiq HÜSEYN,

"Respublika".