İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər
Türk dünyası

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşaya səfər çərçivəsində qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş bu hava limanının texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Parlament nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.

Sonra qonaqlar Füzulidən Şuşaya yola düşüblər. Şuşada parlament nümayəndələrini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda burada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr edib, Şəhər meydanı ətrafında yerləşən Xüsusi nümayəndəliyin binasında aparılan bərpa işləri ilə tanış olublar. Şəhər meydanında onlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

Məşhur fotojurnalist Reza Deqati heykəllərin önündə qonaqlara Şuşada, həmçinin Vətən müharibəsi dövründə çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycan əsgərlərinin rəşadəti, azərbaycanlıların sülhsevərliyi barədə fikirlərini bölüşüb. Burada qonaqlar onları müşayiət edən media nümayəndələrinə Şuşaya səfərləri barədə təəssüratları və Azərbaycanın böyük Zəfəri haqqında danışıblar.

Şuşa şəhərində gəzinti zamanı qonaqlara ermənilərin mədəniyyət abidələrimizə vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə də məlumat verilib.

Parlamentarilər Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri ilə də tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu günlərdə Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub. Həmin məscidin minarələrinin hündürlüyü 100 metrə çatacaq.

Sonra parlament nümayəndələri Cıdır düzündə olublar. Bildirilib ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

AZƏRTAC