İƏT ÜZV ÖLKƏLƏRİ ARASINDA BİRLİK VƏ HƏMRƏYLİK MÖHKƏMLƏNİR
Siyasət

İƏT ÜZV ÖLKƏLƏRİ ARASINDA BİRLİK VƏ HƏMRƏYLİK MÖHKƏMLƏNİR

Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında bu təşkilata üzv seçilmişdir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət verir və öz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İƏT istər zirvə, istərsə də xarici işlər nazirlərinin konfranslarında hər zaman  Ermənistanın işğalını pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsi ölkəmizdə həmişə təqdirlə qarşılanır.

Belə ki, Azərbaycan da hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində bütün beynəlxalq  təşkilatlarda onları dəstəkləyir.  Eyni zamanda  dövlətimiz BMT İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarla da fəal əməkdaşlıq edir.

Ötən dövr ərzində iqtisadi gücü və siyasi nüfuzu durmadan artan respublikamız xüsusən son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqəti bir daha yönəltmişdir.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycanın təşəbbüsü ilə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmiş və Forumun birinci iclası  keçirilmişdir.

Bütün sahələrdə olduğu kimi, ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək bu istiqamətdə əsaslı addımlar atmışdır. Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edildiyi 2017-ci ildə 54 dövlətin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütəşəkkil keçirilməsinə nail olmuşdur.

Bu Oyunlar ictimai əhəmiyyət daşımaqla yanaşı, həm də mühüm siyasi məna kəsb edir. İslam dünyasında münaqişələrin və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda bu böyük idman yarışını təşkil etməklə Azərbaycan İƏT-ə, onun birlik və həmrəylik ideyasına ciddi dəstək vermişdir.

2018-ci ilin aprelində Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirlikləri Konfransının 4-cü sessiyası mühüm hadisələrlə yadda qalmışdır.

İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə demişdir: “Mən Azərbaycana hər zaman göstərdikləri davamlı dəstəyə və həmrəyliyə görə müsəlman dünyasındakı bütün qardaşlarımıza çox minnətdaram. Bu, bizi daha da gücləndirir. Biz müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr veririk.  Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Biz Azərbaycanda və xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyini nümayiş etdirdik. Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımıızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Yəqin ki, bilirsiniz, ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Bu da bizim birliyimizi nümayiş etdirdi. Bu təkcə idman tədbiri deyildi. Bu bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayişi idi”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İƏT,  Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mühüm məsələlər müzakirə olunub.

Konfransın sədri, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ölkəsinin quruma sədrliyi dövründə görülən işlərdən danışıb. O, İƏT Gənclər və İdman Nazirləri Konfransına növbəti iki il üçün sədrliyin Azərbaycana keçdiyini elan edib.

Azərbaycan gənclər və idman naziri ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu sahədə prioritet hədəf və istiqamətlər, İƏT arealında gənclər siyasətinin gələcəyi ilə bağlı Azərbaycanın  baxışını açıqlayıb. Nazir bildirib ki,  Azərbaycan İƏT Gənclər və İdman Nazirləri Konfransına rəhbərlik edəcəyi iki il ərzində İƏT arealında gənclər siyasəti ilə bağlı mühüm yeniliklərə nail olmağa çalışacaq.

Tədbirdə Azərbaycanın İƏT ilə münasibətlərə önəm verdiyi, təşkilatın yüksək səviyyəli bir sıra tədbirlərinə ev sahibliyi etdiyi, respublikamızın təşəbbüsü və dəstəyi ilə İƏT-də bir sıra yeni  institusional qurumların yaradıldığı və s. vurğulanıb. Həmçinin Azərbaycanın İƏT gənclər siyasətinə bundan sonra da fəal dəstək verəcəyi qeyd olunub.

İki gün davam edən sessiyada İƏT gənclər strategiyası, gənclərin fəaliyyəti və idman üzrə qətnamələr, konfransın yekun məruzəsinin, nazirlərin görüşünün növbəti - 5-ci sessiyasının tarixinin və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərarlar müzakirə olunub, eləcə də Bakı Bəyannaməsi qəbul edilib.

Qədim şəhərimiz olan Naxçıvan 2018-ci ildə İSESCO tərəfindən İslam Mədəniyyətinin paytaxtı elan olunub və ölkəmiz bunu geniş şəkildə qeyd edib. Vurğulamaq lazımdır ki, daha öncə paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu dövlətimiz tərəfindən görülən işlərin, birlik və həmrəyliyin nümayişidir.

Bildiyimiz kimi, Azərbaycanın ərazisində çox sayda tarixi, dini abidələr var. Dövlət başçısının qeyd etdiyi kimi, biz  bu abidələri qoruyub saxlamışıq və onlar bizim tarixi irsimizin bir parçasıdır. Dünyanın ən qədim məscidlərindən biri, qədim Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş məscid Azərbaycanda yerləşir.  Bir neçə il bundan əvvəl o, əsaslı şəkildə yenidən qurulub. Beləliklə, biz tariximizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlayırıq və bir-birimizi dəstək etmək üçün çox işlər görürük.

Dövlətimiz müsəlman ölkələri ilə siyasi cəhətdən bir-birini dəstəkləyir və ikitərəfli əlaqələri getdikcə daha da yaxşılaşdırır. Azərbaycan, həmçinin yaxşı iqtisadi perspektivlər yaradan və potensialımızı gücləndirən bəzi layihələrin icrasına da başlayıb. Bu, təkcə mühüm əhəmiyyət kəsb edən həmrəylik nümayiş etdirməklə deyil, eyni zamanda, iqtisadi cəhətdən bir-birimizi dəstələməklə də bağlıdır.

Bu gün Azərbaycan donor ölkə olaraq çox sayda müsəlman ölkəsində humanitar yardım, təhsil, səhiyyə ilə bağlı, sosial, humanitar tədbirlər həyata keçirir. Ölkəmiz tərəfindən məktəblər tikilir, qaçqınlara yardımlar olunur. Həmrəyliyimizin nümayişi kimi Rohinca qaçqınlarına göstərilən humanitar yardım da bu qəbildəndir. Görülən işlər doğru düşünülmüş məqsədləri reallaşdırır və bu, bütün müsəlman ölkələri arasında birlik və həmrəyliyi gücləndirir. Çünki gücümüz  birlikdədir. Sözsüz ki, gənclər siyasətinə məsul nazirlər və digər rəsmi şəxslər, konfrans iştirakçıları ölkələrimizin sosial həyatının əhəmiyyətli bir hissəsini əhatə edir. Onlar gənc nəslə bir-birini daha yaxşı tanımağa kömək göstərir.

Bakıda keçirilən mühüm beynəlxalq tədbir də bu baxımdan  xüsusi əhəmiyyət kəsb edirdi.

Bəli, Bakıda baş tutan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası öz işini uğurla başa vurdu. Ümid edirik ki, ölkəmizdə qonaq olan tədbir iştirakçıları Azərbaycanın bir çox tarixi məkanlarını gördükdən sonra öz vətənlərinə xoş təəssüratlarla qayıdıblar. Bu, həm də Azərbaycanın tanınmasına xidmət edir. 

Nurəngiz ADİLQIZI,

“Respublika”.