İgid döyüşçü anıldı
Region

İgid döyüşçü anıldı

Samux rayonunun Qədili kəndindən olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun ildönümü mərasimi  keçirildi.  Samux Rayon İcra Hakimiyyətinin başçısı  Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları,  Gənclər və İdman İdarəsinin və  Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının nümayəndələri iştirak edirdi. Mərasim iştirakçıları Qədili kəndində şəhidin ailəsi ilə görüşdülər. Sonra,  məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.                                      

Ərəbov Orxan Ramiz  oğlu 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı  qəhrəmancasına  şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən əhatəli danışaraq bildirdilər ki, düşmən üzərində heç vaxt unudulmayacaq, qürurumuza, yenilməyən inamımıza çevrilən tarixi və şanlı qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Döyüş yoldaşları şəhidin şərəfli  döyüş yolundan qürurla söhbət açdılar.

            Zabit XƏLİLOV,

            “Respublika”.