İgidlik və mərdlik nümunəsi
Sosial həyat

İgidlik və mərdlik nümunəsi

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu qələbə heç də asan əldə edilmədi. Vətən oğulları  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. İkinci Qarabağ müharibəsində haqq savaşımızda ömrünü Vətənə verib vətənləşən bir igidimiz Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Həmid ilk təhsilini Binəqədi rayonu, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar 2002-ci ilin noyabr ayında  anası və qardaşı ilə birgə Şəki şəhərinə, nənəsinin yanına köçüb və  şəhər 18 saylı orta məktəbdə təhsilini başa vurub. Məktəbi uğurla bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yiyələnib. Dörd xarici dil biliyinə malik və idmana xüsusi marağı olan Həmid dəfələrlə medallarla təltif edilib.

Baş leytenant H.Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Sonra, Xüsusi Təyinatlı Qüvvələrdə baş leytenant rütbəsində hərbi fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub. Həmid Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən II Dünya Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib, “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif olunub.
Həmid Abbasbəyli Vətən müharibəsi başladığı gündən etibarən düşmənlə mübarizəyə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmasına baxmayaraq, ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında  böyük şücaət göstərib.

O, qrup rəhbəri kimi döyüşlərdə böyük şücaət göstərib. Düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Həmid 2020-ci il oktyabrın 19-dan 20-nə keçən  gecə  Laçın dəhlizinə  nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə  Xocavənd rayonunun  Qırmızı  Bazar qəsəbəsi ərazisində qəhrəmancasına həlak olub. Şəhidimiz nəşi oktyabrın 24-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şəhidin atası Cavanşir Abbasov 2016-cı ildə vəfat edib. Anası Gülnara xanım deyir ki, övladları Həmid və Ağasının təlim-tərbiyəsinə xüsusi diqqət yetiriblər, vətənpərvər bir ruhda böyüdüblər. Şəki şəhər 18 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Xatirə Qədirova Həmidi belə xatırlayır: “Həmid Abbasbəyli mənim ən ağıllı və tərbiyəli şagirdlərimdən biri idi. O, iti zəkası, mədəniyyəti ilə yoldaşlarının və müəllimlərinin sevimlisi olmuşdu. Onun elə bir görkəmi, elə bir duruşu var idi ki, ona həmişə deyirdim ki, sən böyüyəndə əsl hərbçi olacaqsan. O, hələ uşaq yaşlarından hərbçi olmaq istəyirdi. Həmidin vətənpərvərliyi, xalqına, millətinə olan sevgisi onu yolundan dönməyə qoymadı. O, öz məqsədinə çatdı və hərbçi oldu. Bu gün məktəb kollektivi də, mən də bir müəllimi kimi onunla fəxr edirəm”.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə, xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirdiyinə, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamları ilə Həmid Abbasbəyli "Qarabağ" ordeni, "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib. Paytaxtın Xətai rayonunda şəhidin xatirəsi ədədiləşdirilib. Rayon icra hakimiyyəti tərəfindən baş leytenantın yaşadığı ünvanda xatirə lövhəsi qoyulub, şəhid bulağı inşa edilib.

M.MİRZƏ, 

                                                                                            “Respublika”.