İgidliyin və qürurun zirvəsi
Region

İgidliyin və qürurun zirvəsi

Uzun illər işğal altında qalan torpaqların azad edilməsi üçün igid oğullar sinələrini sipər etdilər, polad biləkləri düşmənin başında şimşək kimi çaxdı, güllələri qurtaranda erməni əsgər və zabitlərini dişləri ilə diddilər, əlbəyaxa döyüşlərdə isə yadelliləri yerlə bir ediblər. Vətən müharibəsi Azərbaycan ordusunun gücünü və müasirliyini, peşəkarlığını, döyüş qabiliyyətini, manevr etmək imkanlarını, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirib. Şanlı qələbənin qazanılmasında Elnur Cəfərovun da xidməti olub, qanı tökülən torpaqlar 44 günə işğalçılardan azad edilib.

1998-ci il avqustun 28-də Füzuli torpağında dünyaya göz açan Elnur uşaq yaşlarından ermənilərin törətdiyi vəhşiliklər haqqında valideynlərindən eşidib, düşmənə qarşı köksündə nifrət yaranıb. Böyüyəndə düşməndən qisas alacağına söz verib. Həqiqi hərbi xidmətini başa vurandan sonra Elnur müddətdən artıq hərbçi kimi Vətənin müdafiəsində dayanıb.

Tale elə gətirib ki, gənc Elnur Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Füzuli istiqamətində gedən döyüşlərdə Elnur igidlik və şücaət göstərib, kəndlərin azad edilməsində yaxından iştirak edib. Ermənilər tərəfindən qurulan sədlərin yarılmasında Elnur ön cərgələrdə olub, döyüşün ağırlığı onu qorxutmayıb, yalnız irəliyə doğru hərəkət edib.

Barıt və qan qoxulu Vətən torpağı döyüşçülərimizin addım səsindən, qələbə hayqırtısından, Zəfər yürüşündən bir boy da ucalıb, igid oğulların səngərinə qibləgahına çevrilib. Elnur Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib, güllələri boşa getməyib, neçə düşməni məhv edib. Ötən il oktyabrın 3-də Elnur qəhrəmanlıq göstərərək şəhid olub.

Avqustun 28-də şəhidin ad günü məzarı yanında əziz xatirəsi anılıb, ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailəsi ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, şəhidin ailəsi dövlət qayğısı ilə əhatə olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elnur Cəfərov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli şəhəri və rayonun işğal altında qalan kəndləri  azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, adlarını ehtiramla anırlar. Qəhrəmanlıqları dastana çevrilən şəhidlərin adı əbədi yaşayacaq, ruhları ən uca zirvədə dolaşacaq!

                                                       Salman ALIOĞLU,

                                                          “Respublika”.